AZ

"Yalnız arqılmaq niyyəti ilə oruc tutmaq məqbul sayılmır" - İlahiyyatçı ilə MÜSAHİBƏ

Oruc tutmaq həm də günahlara qarşı bir qalxandır

Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür.  Ramazan ayında sanki imanla nəfs çarpışır, dil yalandan, göz və könül haramdan uzaqlaşır. Oruc eyni zamanda insanın öz mənəvi mövcudluğunu qoruması üçün sığınacağı bir limandır. Maddi aləmin qaranlıq zindanına həbs olunmuş insan ruhunu azadlığa qovuşduran, fiziki və mənəvi bir ibadətdir. Hədislərin birində qeyd olunduğu kimi oruc həm də "Günahlara qarşı bir qalxandır".

Bəs Ramazan ayının fəzilət və hikmətləri nələrdir, insanlara hansı mənəvi dəyərləri aşılayır?

Orucun mahiyyəti və faydaları hansılardır?

Qədr gecəsi nədir, bu gecənin fəzilətləri nələrdir?  Ramazan ayında xeyriyyəçilik və yardımlaşmaq üçün daha nələr edə bilərik? 

İlahiyyatçı Ağa Hacıbəyli Oxu24.com-un suallarını cavablandırıb.

İlahiyyatçının sözlərinə görə , məhz bu ayda müsəlmanlar üçün iki mühüm dini hadisə baş verib. Həmin hadisələrdən biri İslam dininin müqəddəs kitabı "Qurani -Kərim"in Həzrəti Peyğəmbərimizə  Ramazan ayının gecələrinin birində nazil olmağa başlamasıdır ki, həmin gecə "Qədr" və ya "Əhya" gecələridir.

Digəri isə orucun Allah tərəfindən bütün müsəlmanlar üçün fərz qılınmasıdır. Peyğəmbərimiz  buyurub ki, əgər bilsəydiniz ki, Ramazan ayında  hansı hikmət və sirlər var, bütün ilin Ramazan ayı  olmasını diləyərdiniz. 

Ramazan ayı 9-cu aydır. Bu ay bir fətih, zəfər ayıdır. Məkkənin fəthi də bu ayda baş verib.

Qurani Kərimdə adı yeganə zikr olunan "Şəhrullah" adı ilə keçməkdədir.

Qurani Kərimin nazil olunması ilə yanaşı digər səmavi kitabların da Ramazan ayında enməsində islam qaynaqlarında məlumat var. Bu baxımdan bu ayın qeyri -adi bir yeri, dəyəri var. Ramazan ayının bir məktəb olduğunun fərqinə varaq. Bu ay başdan- başa hikmətlərlə dolu olan bir aydır. Orucluq insanlara öz iradələrini yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Peyğəmbərimizin  də buyurduğu kimi, Ramazan ayının əvvəli rəhmət, ortası məğfirət (bağışlanma), sonu isə cəhənnəmdən qurtulmaqdır. Bu baxımdan sonsuz hikmətlərə malik olan aydır. İçərisində qardaşlıq, yardımlaşma və mənəviyyat var. İnsanı insan edən dəyərlərin hamısı bu ayda cəmlənib.

A. Hacıbəylinin sözlərinə görə oruc həm fiziki, həm də mənəvi aləmimizdə əlçatmaz dəyərlərə malikdir:

"Peyğəmbərimiz buyurub ki, hər şeyin qapısı var, ibadətin də qapısı orucdur. Aparılan zikirlər arasında ən uzun zikirdir. Orucun 1001 faydası var. Mənəvi fəzilətləri ilə birlikdə tibbi fəzilətləri də olan oruc sayəsində insanın mədə- bağırsaq sistemi və həzm mexanizmləri bir ay boyunca güclənir.

Aparılan araşdırmalar göstərir ki, oruclu insanın vücudunda ciddi şəkildə toksinlərdən təmizlənmə, yenilənmə müşahidə olunur. 

Hələ 1916-ci ildə məşhur Yapon alimi kəşf etmişdir ki, insan ac qaldıqda, bədəndə "Autofagiya" adlı bir hadisə baş verir. İnsan bədənində olan hüceyrələr, digər hüceyrələr tərəfindən yeyilir. 37 tirliyon hüceyrənin içərisində  təmizlənmə prosesi gedir. Biz təmizlənmək üçün deyil də, Allahın əmri olduğu üçün oruc tutmalıyıq. Təbii ki, orucluq tək ac və susuz qalmaq demək deyil. Oruc ibadətinin yerinə yetirilməsində başlıca məqsəd insanları mənən saflaşdırmaq, onlara mərhəmətli, səbirli və dözümlü olmağı öyrətməkdir, əsası isə onları günah əməllərdən çəkindirməkdir. Qurani-Kərimdə buyurulur:

 Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bunun vasitəsilə siz pis əməllərdən çəkinəsiniz! Oruc tutmaq sayı müəyyən olan (bir ay) günlərdir. Bu günlərdə  sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə hər günün əvəzində bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə həm oruc tutub, həm də fidyə verərsə, bu onun üçün daha yaxşı olar. Bilsəniz ki, oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! (əl-Bəqərə, 183-184).

Bununla da Allah-Təala oruc tutmağı bu ayda vacib edərək Ramazan ayını müqəddəs aylardan biri etdi.  Allah möminlərə bu ayda daha çox ibadət etməyi, onlara verilən fürsətdən bəhrələnməyi tövsiyə etdi. Oruc ancaq təmiz niyyətlə və sırf Allaha ibadət məqsədilə tutulmalıdır. Yalnız arqılmaq və insanlara oruc tutduğunu göstərmək niyyətilə oruc tutmaq məqbul sayılmır".

Ramazan ayı istisna olmaqla digər aylarda insan həqiqi aclığı tam yaşamadığı üçün ona verilən nemətlərin dəyər və qiymətini bilmir:

"Orucun müsəlmanlara vacib edilməsində digər hikmət nəfsin tərbiyəsi, səbr və dözümlülüyün gücləndirilməsidir. Orucun məqsədi insanlara dözümlü, əzmkar və nəfsinə hakim olmağı öyrətməkdir. Eyni zamanda da oruc insana sevgi, mərhəmət və qayğı hissləri aşılayır. Bu insanın özünü yemək yeməkdən məhrum etməsi məqsədilə deyil, imkansızlara kömək göstərmək, onların yaşadıqları hissləri duymaq məqsədilə vacib buyurulub. İmkanlı şəxs müvəqqəti də olsa imkansız insanların yaşadığı anları yaşayır, aclığın nə olduğunu bilir və bu insanlarda şəfqət və mərhəmət hisslərinin oyanmasına kömək edir".

 Oruc zamanı insan bütövlükdə günahlardan çəkinməlidir. İnsanın bütün bədən üzvləri oruc halında olmalıdır:

"Gözü harama baxmamalıdır. Dili yalan, böhtan, şər, qeybət və digər haram söz danışmamalı, eyni zamanda bunları eşitməməlidir.  Yalnız ac-susuz qalmaq insanın mənəvi təkamülünə səbəb ola bilməz. Məhz bu səbəbdən də oruc tutmaq nə qədər fəzilətli əməldirsə, digər insanları düşünmək, onların halına yanmaq hətta oruc tutmaqdan da fəzilətli əməl hesab olunur".

"Ali İmran" surəsindəki "Sevdiyiniz şeylərdən Allah yolunda sərf etmədikcə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir!" 

"Bu ayədə də açıq şəkildə göstərilir ki, ehtiyacı olan insanlara Allahın rizası üçün yardım etməliyik, sədəqə verməliyik. Ramazanda müsəlmanlar üçün sədəqə sadəcə könüllü olaraq həyata keçirilən sadə bir əməl deyil. Eyni zamanda da, ikiqat savab, günahların bağışlanması üçün bir imkandır. Bu ayın əlamətdar hadisələrindən biri də yoxsulları sevindirməkdir. Borclu olanların borclarını ödəməklərində, sağlıq problemi olanların isə müalicə olunmalarında dəstək olmalıyıq. Bir tələbənin kitablar ilə təmin olunmasının özü də bir həmrəylikdir, yardımlaşmadır.

Bu ay ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara- kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Peyğəmbərimiz buyurur ki, "Kim bir orucluya iftar verərsə, (etdirərsə) oruclu qədər savab qazanar. Valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək bu ayda ən böyük savab əməllərdən sayılır.

  Xeyriyyəçilik sadəcə maddiyyata ölçülməməlidir. Biz zaman ayırmaq, dua etməklə də bunu edə bilərik. Qoy bu rəhmət və bərəkət qapısını bəndələrinin üzünə açan Allah bütün müsəlmanların oruc və ibadətlərini qəbul, dualarını müstəcəb etsin".

Müsahibəni apardı:    Pərvin ŞAKİRQIZI

Seçilən
10
turanpress.com

1Mənbələr