AZ

"Bizdə rüşvət yoxdur, Azərbaycanı biabır edirlər..." - Murad niyə həbs olunmuşdu?

Filmin ssenarisi real hadisələr əsasında yazılıb

Filmdə söhbət Azərbaycanda o dövrdə fəaliyyət göstərən mafiyadan gedir.
Güləşçi Murad Əbiyev (Həsən Məmmədov) birdən-birə qalanteriya sexinin rəisi təyin edilir. Bu barədə ona istintaqda da sual verilir ki, siz necə oldu o sexə rəis təyin edildiniz? Müttəhim çətinliklə vəziyyətdən çıxır ki, təklif olundu, qəbul etdim. “Kim təklif etdi?” – sualı isə cavabsız qalır. Günlərin birində o, qeyri-qanuni mal istehsal edib satdığına görə (milyon manat məbləğində) həbs olunur. Müstəntiq Seyfi Qəniyev (Aleksandr Kalyagin) vicdanlı adamdır. Hiss edir ki, bu işin altında başqa adlar var, onlar da Muradı qabağa veriblər, yəni, işi onun adının altında görüblər.

Müstəntiq işi çözüb, düzgün aparıb, alt qatdakı cinayətkarları ifşa etməyə çalışır. Hətta kimlər olduğunu da bilir, amma bunu fakt kimi yalnız istintaqdakı adam təsdiqləyə bilər, o da etmir. Bunu satqınlıq hesab edib heç kimi güdaza vermir, həm də öz bədbəxtliyi hesabına...

Bunları başa düşən müstəntiq, nəhayət, vicdanının yönləndirdiyi kimi hərəkət edir, amma gec olur, günahsız müttəhim kamerada özünü asır.
Bütün filmlərdə olduğu kimi, ədalət qalib gəlir, günahkarlar cəzalarını alır. Əvəzində Seyfi rütbəyə, evə çata bilməsə belə...

İstintaqın gedişində ona "yuxarıdan" rütbə, ev eyhamı vurulur, əlindəki istintaqı “lazım olduğu qədər” tezliklə başa vurmasını tələb edirlər. Vicdanlı adam – bədbəxt adamdır… Bəlkə də, xoşbəxt. Bilmirəm, nisbi məsələdir. Onu heç həyat özü müəyyən edə bilmir…

Bütün bu detallara görə, sovet senzurası və Azərbaycanda kino sahəsinə rəhbərlik edənlər filmin ekranlara çıxmasına mane olurlar. Sovet quruluşu hara, rüşvətxorluq, korrupsiya, mafiya hara? – deyibən filmdə əsaslı dəyişikliklər tələb edirlər.

O vaxt ölkəyə rəhbərlik edən Heydər Əliyev məsələyə qarışır. Filmdə qabardılan məsələlər, əslində, onun hakimiyyətə gələrkən dərhal mübarizəsinə başladığı cinayətlər idi. Ona görə də, əksinə, bu qəbildən filmlərin daha çox çəkilməli olduğunu deyir: “Kollektiv baxışdan sonra həmkarlarımın hamısı bu fikirdə oldu ki, guya film respublikamızı nüfuzdan salır, rüsvay edir. Halbuki bu film respublikamızda mənim gördüyüm işin - korrupsiyaya qarşı apardığım mübarizənin bədii təcəssümü idi. Sağ olsunlar ki, onlar (Rüstəm İbrahimbəyovla Rasim Ocaqov nəzərdə tutulur – red.) bu mövzuya girişmişdilər. Yeri gəlmişkən, mən o vaxt onlara dedim ki, bu mövzudan əl çəkməyin. Belə də etdilər. Film istehsalata buraxıldıqdan sonra əngəllər, qadağalar başladı. Belə olan halda mən də tədbirlər gördüm və "İstintaq" filmi böyük şöhrət qazandı..."

Moskvadakı Bədii Şura üzvləri “bədii cəhətdən yüksək səviyyədə olsa da, sovetlər ölkəsinə belə bir film yaraşmaz" fikrində idlər.

Çox çək-çevirdən sonra filmin 28 kadrına "düzəliş" edilir: “O düzəlişləri etməsək, filmi, ümumiyyətlə, silə bilərdilər. Rüstəmlə birgə bu qərara gəldik ki, filmin 28 kadrı olmasa da, heç olmasa 4-5 kadrında dəyişiklik etmək lazımdır. Misal üçün, filmin qəhrəmanı Muradın son anda özünü necə asmasını tam açıq şəkildə göstərirdik. Həmin kadra qadağa qoyulduqdan sonra bəzi dəyişikliklər etdik. Dəyişiklik də, əsasən, ondan ibarət oldu ki, müstəntiq Seyfinin evinə zəng edib, Muradın özünü asmağa cəhd göstərdiyini deyir".

Filmin bir neçə kadrı yenidən çəkildikdən sonra onu Moskva Bədii Şurasının ixtiyarına verirlər. Moskva yenə də mane olmaq istəyir.
İşə yenə Heydər Əliyev qarışır; “Biz filmi bəyənmişik” deyir. Bədii Şuranın üzvləri öz aralarında “onsuz da bu filmlə özlərini biabır edirlər, söhbət Azərbaycandan gedir, qoy etsinlər” – deyib, icazə veriblər.

Film Moskva Bədii Şurasının baxışından keçdikdən sonra yüksək kateqoriyaya layiq görülür. Buna baxmayaraq, tirajı çox olmur. Bəzi respublikalar, xüsusilə, Özbəkistan, Ukrayna filmi qəbul etmədikləri üçün onun öz ölkələrində nümayiş edilməsinə qarşı çıxıblar.

Seçilən
16
kulis.az

1Mənbələr