AZ

Cənub futbolu diqqətdən kənar qalıb? -

“Lənkəran” FK Lənkəran şəhərini təmsil edir və AFFA-dan verilən məlumata görə, hazırda Regional Liqada çıxış edir. Ancaq peşəkar futbol klubu sayılmır. Əvvəllər "Xəzər Lənkəran" adlı futbol klubu mövcud idi və bu komanda Azərbaycan futbolunun ən populyar klublarından biri hesab olunurdu. 2014-cü ildə Azərbaycan Kubokunu qazansa da, 2016-cı ildə maliyyə problemlərinə görə fəaliyyətini dayandırdı. O vaxtdan bəri Lənkəranı təmsil edən peşəkar futbol klubu yoxdur. Futbol eksperti Natiq Muxtarlı Metbuat.az-a açıqlamasında bölgə region futbol klublarından danışıb. O bildirib ki, təkcə Lənkəran yox, ümumilikdə Cənub bölgəsi Azərbaycanın futbol fabriklərindən biri sayılır. Bu bölgədə futbola böyük maraq var və zaman-zaman istedadlı futbolçular yetişib: “Bu bölgədə, demək olar ki, 1 milyona yaxın əhali məskunlaşıb. Azərbaycan əhalisinin onda biri Cənubda yaşayır. Vaxtilə “Xəzər Lənkəran”dan savayı, Masallının “Viləş” komandası da elitada oynayıb. Həmin komandanın heyəti tamamilə yerli futbolçulardan ibarət olub. Yerli futbolçuların sayı o qədər çox olub ki, digər komandalarda da Masallı, Lənkəran, Cəlilabaddan olan futbolçular çıxış ediblər. “Viləş” yerli futbolçularla avrokuboklara vəsiqə qazanıb”. Ekspert deyib ki, belə münbit “futbol fabriki” AFFA-nın sabiq rəhbərləri – Rövnəq Abdullayevlə Elxan Məmmədovun qruplaşmaları tərəfindən dağıdılıb: “İnfrastruktur məhv edildi, uşaq futbolu sıradan çıxarıldı. Rövnəq Abdullayevin rəhbərlik etdiyi AFFA Azərbaycan çempionatını “Bakı çempionatı”na çevirdi. İndi Cənubda futbol yalnız “Xəzər Lənkəran” və “Viləş”in veteranlarını maraqlandırır. Yalnız onlar nəsə etməyə çalışırlar, min bir əzabla uşaq futbolunun tam dağılmasının qarşısını alırlar. Bölgədə böyük futbol üçün infrastruktur, demək olar ki, yoxdur. Lənkəran stadionu dağılmaq ərəfəsindədir. Bölgə futboluna böyük zərbə vuranlardan biri də Mübariz Mənsimov olub. Lənkəran stadionun ona məxsusdur, baxımsızlıqdan dağılır. Masallıdakı stadionu da vaxtilə Mübariz Mənsimova, demək olar ki, havayı verdilər. Söz vermişdi ki, orada yeni stadion inşa edəcək, futbol akademiyası açacaq. Amma heç nə etmədi. Üstəlik, stadionu da geri qaytarmır. Stadionu geri qaytarsa, hansısa iş adamı orada infrastruktur qura bilər”. N.Muxtarlı yeni AFFA rəhbərliyinin bölgə klublarının sayını artırdığını da qeyd edib: “Amma belə görünür ki, Cənub futbolu onların da gözündən uzaq düşüb. Azərbaycanın bölgələri arasında belə ayrı-seçkilik etməklə futbolu inkişaf etdirmək mümkün olmayacaq. Futbolun inkişafını istəyiriksə, toxum ənənəsi, futbol dəyərləri olan bölgələrə səpmək lazımdır. Azərbaycan futbolunun ən münbit bölgəsi isə Cənubdur. Burada futbol olmayacaqsa, Azərbaycanda futbol olmayacaq. AFFA rəhbərliyi baxışını dəyişməli, Cənub bölgəsində infrastrukturun yaradılması, komandaların qurulması ilə bağlı real addımlar atmalıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
1
metbuat.az

1Mənbələr