“Barselona”nın keçmiş baş məşqçisi Xavi Ernandes yenidən məşqçiliyə başlamaq və qənimətlər qazanmaq istəyində olduğunu bəyan edib.
Arena.az ispan mütəxəssisin “France Football” nəşrinə müsahibəsi zamanı bu barədə səsləndirdiyi fikirləri təqdim edir:
– Sizə, digərlərindən daha çox xoş gələn hər hansı konkret liqa varmı?
– Xeyr, mən hamısına açığam. İspaniya La Liqasında digər bir komandanı nədən çalışdırmayım ki? Mən maraqlı layihə axtarıram, mənim qənimətlər qazanmaqla bağlı iddialarım da var. Bu, mənim əsas məqsədimdir.
Mən müxtəlif təkliflər üçün açığam. Niyə də milli komandanın başına keçməyim və dünya çempionatının seçmə oyunlarında iştirak etməyim? Hətta Fransa çempionatında iş seçimlərini baxışdan keçirə bilərəm.
Bir məşqçi kimi mən UEFA Çempionlar Liqasını, Avropa və Dünya Çempionatlarını qazanmaq istəyirəm.
Futbol ölçüləri ilə gənc sayıla biləcək 45 yaşlı mütəxəssisin 24 ili məhz “Barsa”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib, çoxsayl qənimətlər qazanıb.
Xatırladaq ki, “Barselona” Xavini 2024-cü ilin may ayının 24-də istefaya göndərib. İspan mütəxəssisin yerinə “blauqrana”nın sükanı arxasına alman mütəxəssis Hans-Diter Flik təyin edilib.
“Barselona” 2021-ci ilin noyabr ayından 2024-cü ilin may ayına qədər Xavinin rəhbərliyi altında ümumilikdə 143 oyun keçirib. “Barsa” bu oyunlarda 91 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 280:158 nisbətindədir.
2022/2023-cü illər mövsümündə ispan mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb.