AZ

Avtomobillərə qaz balonu quraşdırarkən nələrə diqqət etməli? - RƏYLƏR

Benzinin bahalaşması ilə bağlı sürücülərin avtomovillərində qaz balonuna keçidi son dövrlərdə daha da aktuallaşıb.  Ancaq ötən həftə baş verən hadisə maşınlarda qaz balonunun təhlükəsizliyi ilə bağlı məsələni yenidən aktual edir.

Bakıvaxtı.az  xatırladır ki, ötən həftə Bakının Qaradağ rayonunda avtomobildə partlayış olub. Belə ki, Lökbatan qəsəbəsi yaxınlığında yerləşən “Azpetrol”a məxsus yanacaqdoldurma məntəqəsində “Chevrolet Cobalt” markalı avtomobildə yanğın başlayıb. Qazdoldurma prosesi zamanı başlayan yanğın nəticəsində taksi şirkətlərindən birinə məxsus olan avtomobil tamamilə yanıb.

Yasin Mustafayev, nəqliyyat eksperti

Nəqliyyat eksperti Yasin Mustafayev Bakıvaxtı.az-a qaz balonlarının quraşdırılmasın qanunauyğunluğundan bəhs edib.

Onun sözlərinə görə, dünyada da belə bir təcrübə var, avtomobillər müxtəlif yanacaqlarla işləyir. Azərbaycanda da avtomobillərə qaz balonlarının quraşdırılması qanunla mümkündür, lakin bunun üçün müəyyən tələblər var:

"Qaz balonu yalnız sertifikatlı servis mərkəzlərində quraşdırılmalı və müvafiq dövlət qurumlarının texniki baxışından keçməlidir. Avtomobilin texniki pasportunda qaz balonunun quraşdırılması barədə qeyd aparılmalı, istifadə olunan avadanlıq isə beynəlxalq təhlükəsizlik standartlarına uyğun olmalıdır".

"Sertifikatsız və qeyri-standart qaz balonlarının quraşdırılması isə təhlükə yaradır və qanunsuz hesab edilir. Son baş verən hadisədə də təhlükəsizlik qaydalarına riayət olunmaması ehtimal edilir",- deyə ekspert qeyd edib.

Əziz Abbasov, avtomobil ustası

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən avtomobil ustası Əziz Abbasov bildirib ki, son zamanlar avtomobillərə qaz balonlarının quraşdırılması geniş yayılsa da, bunun düzgün quraşdırılmaması və istismarı ciddi təhlükələrə yol aça bilər:

"Qaz balonlarının təhlükəsizliyi birbaşa onların keyfiyyətindən, quraşdırma prosesindən və texniki baxımdan asılıdır. Beynəlxalq standartlara uyğun istehsal edilən qaz balonları və düzgün quraşdırılan sistemlər təhlükəsizlik tələblərinə cavab verir".

Mütəxəssis qaz balonu quraşdıran sürücülərin diqqət etməli olduğu məsələlərdən də bəhs edib:

"Sürücülərə tövsiyə edirəm ki, quraşdırma işini yalnız rəsmi sertifikatı olan və təcrübəli ustalara həvalə etsinlər. Keyfiyyətli avadanlıqdan istifadə etməli, qaz sisteminin müntəzəm texniki baxışını etdirməli, yanacaqdoldurma zamanı ehtiyatlı olmalı, fövqəladə vəziyyətlər üçün hazırlıqlı olmalıdır".

Nuriyyə Musayeva

Seçilən
22
bakivaxti.az

1Mənbələr