AZ

"D8 təşkilatının önəmi böyükdür" - ŞƏRH EDİLDİ

"İslam dünyasında inkişaf etmiş 8 ölkəni həmçinin Azərbaycanı özündə birləşdirən D8+ təşkilatı bizim ölkəmiz üçün böyük perspektivləri özündə saxlayan bir əməkdaşlıq formatıdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu təşkilata qəbul edilməsi Avrasiya regionunda yeni beynəlxalq hadisə kimi nəzərdən keçirilir və bu həqiqətən də belədir: "İslam dünyasının iqtisadi cəhətdən inkişaf etmiş 8 dövlətin sırasında olmaq Azərbaycan üçün bir şansdır. Eyni zamanda bu 8 ölkənin Azərbaycanı yekdil rəy ilə öz sıralarına qəbul etmələri Azərbaycanın imkanlarına və apardığı siyasətə etimadın və inamın ifadəsidir. Bu təşkilatda üzv olmaq indiki dəyişən dünya reallıqları və yenidən qurulmaqda olan dünya düzəni şəraitində Azərbaycanın və təşkilatın özünün qarşısında böyük imkanlar açır. Bilirik ki, hazırda dünyanın yeni düzəninin köhnə düzənin dağılma prosesi gedir. Əgər ağıllı siyasətlər önə çıxarsa, yeni dünya düzəninin formalaşacağı şübhəsizdir. Köhnənin dağılması və yeni dünya düzəninin yaranmasının arasında qlobal bir boşluq görsənir. Həmin boşluğu hazırda doldurmaq üçün Azərbaycanın iştirakçısı olduğu bəzi beynəlxalq əməkdaşlıq formatları olduqca böyük imkanlara və şanslara malikdir. Bu sırada D8 təşkilatını və türk dövlətləri təşkilatını xüsusi göstərmək lazımdır. Yeni dünya düzəninin formalaşması şəraitində türk dövlətləri təşkilatının Avrasiyada və eləcə də dünyada yeni bir geosiyasi mərkəzə çevrilmə şansları ayrı söhbətin mövzusudur. Amma hazırda yeni dünya düzəninin yaranması prosesində müsəlman ölkələrindən ibarət inkişaf etmiş D8 təşkilatının yeni bir geoiqtisadi mərkəzə çevrilmə şansları da şübhəsizdir. Burada Azərbaycan üçün əhəmiyyətli reallıqlardan bir ondan ibarətdir ki, Azərbaycanın bu ölkələrin hər biri ilə hətta təşkilatda olmadığı dövrdə belə yaxşı ikitərəfli münasibətləri olub. O cümlədən, Türkiyə, Misir, İran, Pakistan və digərləri ilə Azərbaycanın çox yaxşı hərtərəfli iqtisadi əməkdaşlığı olub və bu gün də davam edir. Bu ölkələr ilə Azərbaycanın yaxşı fundamentə malik olan iqtisadi əməkdaşlıqları onun gələcəkdə daha da dərinləşəcəyini söyləməyə əsas verir. Bu nöqteyi-nəzərdən D8 müsəlman ölkələri təşkilatı Azərbaycan üçün yeni bir fəaliyyət arenasıdır. Azərbaycanı öz sıralarına cəlb etmək isə bu təşkilatın XXI əsrin əvvəllərində uğur şansları kimi dəyərləndirilə bilər".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
5
sia.az

1Mənbələr