10 mart 2025 - ci il tarixində Prezident İlham Əliyev Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Yenilənmiş qanuna əsasən, Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına biləcək.
Kimlər bu dəyişiklikdən faydalanaraq mənzil sahibi olacaq? Ümumiyyətlə bu dəyişikliyin insanlar üçün əhəmiyyəti nədən ibarətdir?
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov "Referans"a açıqlamasında bildirib ki, bu qanundan belə anlaşılır ki, sosial layihəli kirayə mənzillərə müxtəlif şəxslərin müdaxilələri nəticəsində onların yaxınları püşkatmalarda iştirak edirlər. Bu qanundakı dəyişiklik də məhz bu problemin qarşısının alınması məqsədilə təsdiqlənib. Burada əsas məqsəd şəffaflığın qorunmasıdır.
Ekspert onu da xatırladıb ki, yaxın zamanlarda İpoteka ilə də bağlı qanun təsdiqlənib. Bir sözlə bu kimi qanun dəyişiklikləri əhalinin rifahı və aztəminatlı ailələrin güzəştlərdən istifadə etməsi üçün yaradılıb. Bu imkanlardan hər kəsin yararlanmaması üçün belə bir qərar verilib. Bu məsələdə yalnız güzəştli mənzillərdən hüquqi öhdəliyi olan şəxslər faydalana bilər.
"Çünki müşahidələrə əsasən görürük ki, bəzi hallarda hərbçilər və digər kateqoriyadan olan şəxslər öz imkanlarından istifadə edərək qazanc məqsədilə belə mənzillərə sahiblənirlər. Bundan sonra da həmin mənzilləri satışa çıxarırlar. Məlum olduğu kimi güzəştli mənzillərin 3 il ərzində satışı qadağandır. Beləliklə də bu sahədə olan bir sıra belə boşluqlara görə ölkə rəhbəri qərarın sərtləşdirilməsi barədə qərar vermişdi. Bir daha qeyd etmək istəyirəm ki, burada başlıca məqsəd ehtiyacı olan şəxslərin yaralanmasından gedir", - deyə ekspert əlavə edib.
Bünyamin Bünyadzadə
Referans Media