Bu ilin yanvarında Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Zəngəzur dəhlizi ilə bağlı məsələyə bir daha münasibət bildirmişdi. Prezident qeyd etmişdi ki, İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq.
Zəngəzur dəhlizinin açılması ilə bağlı son vəziyyət nə yerdədir? Ümumiyyətlə Türkiyə və Ermənistan arasında dövlət sərhədlərinin açılması istiqamətində ən effektiv addım nə ola bilər?
Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı Referans - a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi Azərbaycan və Türkiyənin gündəliyində olan əsas məsələlərdəndir. Lakin bu dəhlizin açılmamasının əsas səbəbi də bəllidir. Çünki Ermənistan burada öz maraqlarına uyğun regional kommunikasiyaların açılmasını istəyirlər. Buna görə proses yubanır. Əgər razılaşma olsa belə Zəngəzur dəhlizinin açılması üçün də müəyyən müddətə ehtiyac var.
Asif Nərimanlı onu da bildirib ki, bu məsələdə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları Ermənistana eyni dəstəyi verib. Amma indi dünyanın siyasi mənzərəsi dəyişir. Görünən odur ki, Ermənistana əvvəlki kimi dəstək olmayacaq. Həmçinin maraqlı məqamlardan biri də odur ki, bu məsələdə Türkiyə də Rusiya ilə eyni mövqedədir. Lakin Rusiyanın məlum Ukrayna müharibəsi ilə bağlı əsas prioriteti Kiyevə yönəldiyi üçün Cənubi Qafqazda söz sahibliyinə iddialarını bir az azaltmış oldu.
Siyasi şərhçi həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasının konkret vaxtı həm də Rusiya - Ukrayna müharibəsinin bitməsindən də asılıdır. Əgər bu müharibə bitərəsə bu məsələ öz həllini tezliklə tapacaq. Türkiyə-Ermənistan arasında sərhədlərin açılması məsələsi hər zaman Azərbaycanın mövqeyi ilə bağlı olub. Yəni, Türkiyə həmişə Azərbaycanın mövqeyini nəzərə alıb. Bu gün Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üzrə işçi qrupu zaman-zaman görüşlər təşkil edirlər. Amma yekun olan göstərici isə sırf Azərbaycandan asılıdır.
"Amerika Birləşmiş Ştatlarının yeni rəhbəri Trampın Putinlə razılaşacağı gündəmdədir. Belə olacağı təqdirdə Rusiyanın regionda nüfuzu daha da çoxalacaq. Beləliklə də Zəngəzur dəhlizinin və sonra da sərhədlərin açılması güman ki, 10 noyabr anlaşmasının prinspiplərinə uyğun şəkildə icra olunacaq. Nəticədə də ən qısa vaxt ərzində Zəngəzur dəhlizi və Türkiyə - Ermənistan sərhədləri də açılacaq deyə", - ekspert bildirib.
Bünyamin Bünyadzadə
Referans