AZ

"Ford" Almaniyadakı bölməsinə 4,8 mlrd. dollarlıq sərmayə yatıracaq

ABŞ avtomobil istehsalçısı "Ford", Avropadakı fəaliyyətini yenidən canlandırmaq məqsədilə Almaniyadakı çətin vəziyyətdə olan bölməsinə 4,4 mlrd. avro (4,8 mlrd. dollar) vəsait yatıracaq. 

Valyuta.Az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə bu gün şirkət məlumat yayıb.  

Maliyyə problemləri ilə üzləşən və hazırda 5,8 mlrd. avro borcu olan "Ford-Werke" şirkəti strateji transformasiyanı davam etdirəcək, xərclərin azaldılmasına və rəqabət qabiliyyətinin artırılmasına fokuslanacaq. Bu barədə "Ford"un açıqlamasında bildirilib.  

Bu addım, Avropanın avtomobil sektorunun yüksək xərclər, zəif tələbat və Asiyadan gələn güclü rəqabətlə mübarizə apardığı bir vaxtda atılır. Məhz bu faktorlar bəzi zavodların bağlanmasına və iş yerlərinin ixtisarına səbəb olur. Bundan əlavə, ABŞ hökuməti də avtomobil idxalına tarif tətbiq etməyi nəzərdən keçirir.  

"Ford" artıq Avropada, xüsusilə Almaniyada minlərlə iş yerini ixtisar edir. Ölkənin nəhəng avtomobil istehsalçılarından biri olan "Volkswagen" də oxşar çətinliklərlə qarşılaşır.  

"Almaniyadakı fəaliyyətimizi yenidən maliyyələşdirməklə Avropadakı biznesimizin transformasiyasını dəstəkləyir və yeni məhsul portfeli ilə rəqabət qabiliyyətimizi gücləndiririk," – deyə "Ford Motor Company"nin sədr müavini Con Loler bildirib.  

"Avropada davamlı bir biznes qurmaq üçün idarəetməni sadələşdirməyə, xərcləri azaltmağa və səmərəliliyi artırmağa davam etməliyik."  

Avropada elektrik avtomobillərinə gözləniləndən daha yavaş keçid "Ford"u keçən il onilliyin sonuna qədər bütün Avropa istehsalını elektrikli avtomobillərə keçirmək planına daha çevik yanaşmağa vadar edib.  

Yeni maliyyə vəsaiti "Ford-Werke"nin həddindən artıq borclanma problemini həll etmək və çoxillik biznes planına dəstək vermək üçün kapital qoyuluşunu da əhatə edir.  

Bu həmçinin, "Ford"un 2006-cı ildən bəri qüvvədə olan və Almaniyadakı törəmə şirkətin itkilərini qarşılamasını nəzərdə tutan razılaşmanı əvəz edəcək. Həmin razılaşma Almaniyanın güclü sənaye həmkarlar ittifaqı "IG Metall" tərəfindən narazılıqla qarşılanmışdı.  

"Bu razılaşma olmadan, Almaniyadakı "Ford" bölməsi iqtisadi vəziyyət yaxşılaşmazsa və ABŞ-dəki ana şirkət zərərləri kompensasiya edə bilməzsə, qarşıdakı illərdə müflis ola bilər," – deyə "IG Metall" xəbərdarlıq edib.  

"Ford"un nümayəndəsi Con Loler Avropa siyasətçilərini elektrik avtomobillərinin təşviqi üçün aydın bir strategiya yaratmağa və emissiya hədəflərini istehlakçı tələbi ilə uyğunlaşdırmağa çağırıb.  

Rəhim

Seçilən
12
30
valyuta.az

10Mənbələr