Türk dövlətləri və xalqları arasında siyasi-mədəni bağların möhkəmləndirilməsi yaşadığımız dövrdə yeni mərhələyə yüksəlib.Tarixi dövrə nəzər salsaq görərik ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsinə böyük imkanlar yaratmış oldu. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yarandığı gündən Azərbaycan bu təşkilatın Türk coğrafiyasında inteqrasiya proseslərinin avanqardına çevrilməsi üçün mühüm addımlar atıb. Şuranın indiyə qədər keçirilmiş bütün zirvə görüşündə Azərbaycan yüksək səviyyədə təmsil olunub.
Türkdilli dövlətlər arasında səmərəli, etibarlı siyasi dialoq qurulub, bütün sahələrdə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Türkdilli ölkələrin vahid platformada birləşməsi bu ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafına təkandır. 2009-cu ilin oktyabrında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması barədə qərarın qəbul edilməsi əməkdaşlığın yüksəlməsində mühüm rol oynadı və dünyada türk birliyinin daha da güclənməsinə şərait yaratmış oldu. Naxçıvan sazişinin imzalanmasından keçən müddət ərzində reallaşan layihələr, imzalanan sazişlər və s. türk dövlətləri arasında münasibətləri daha da yaxınlaşdırmış oldu. Təsadüfi deyil ki, bu gün 160 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyada əhatə olunan, böyük iqtisadi və elmi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik TDT üzv ölkələrin milli maraqları istiqamətində müxtəlif sahələrdə beynəlxalq əməkdaşlığın güclənməsinə xidmət edən qlobal əhəmiyyətli bir quruma çevrilməkdədir.Bu prosesə təsir edən həlledici faktorlar sırasında lider amilinin rolu xüsusi olaraq diqqəti cəlb edir. Belə ki, Türk dövlətləri liderlərinin müdrik uzaqgörənliyi və siyasi iradəsi sayəsində dövlətlərimiz arasında hərtərəfli münasibətlər ildən-ilə sürətlə genişləyir, bir çox sahələrdə inteqrasiya prosesləri intensiv xarakter alır. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk dövlətləri arasında əlaqələrinin inkişaf etdirilməsi və dərinləşdirilməsi sahəsində göstərdiyi xidmətlər müstəsna əhəmiyyətə malikdir.
Bundan başqa, Türk Dövlətləri Parlamentlər Assembleyasının (TÜRKPA) və Türk Mədəniyyət və Miras Fondunun qərargahlarının Bakı şəhərində yerləşməsi Azərbaycan Respublikasının Türk dünyasının inteqrasiyasına verdiyi böyük önəmin konkret təzahürüdür.
Türkdilli dövlətlər arasında münasibətlərin yüksələn xətlə inkişaf edərək bütün həyati əhəmiyyətli sahələrdə nailiyyətlərə yol açması adekvat olaraq onların kütləvi informasiya vasitələri arasında əlaqələrin də müasir dövrün tələbləri səviyyəsində qurulmasını, ümumi maraq və mənafelər naminə fəaliyyətin əlaqələndirilməsini zərurətə çevirib.
Türk birliyi dünyada artıq qlobal güc rolunu oynamaqdadır. Bu fakt qloballaşan dünyada türk faktoru ilə hesablaşmağı beynəlxalq birlik üçün zərurətə çevirəcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Vüsalə Cəfərova bu fikirlə bağlı şərhində hazırda türk dövlətlərinin iqtisadi əlaqələrinin möhkəmləndiyini, qlobal səhnədə daha təsirli mövqe əldə etməyə istiqamətlənən birgə fəaliyyət göstərildiyini vurğulayıb. O, eyni zamanda, dövlət başçısının bəyanatının Türk Dünyasının potensialını tam şəkildə üzə çıxarmaq və iqtisadi inteqrasiyanı sürətləndirmək məqsədi daşıdığını diqqətə çatdırıb. Türk Dünyasını geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat–kommunikasiya xətləri və birlik birləşdirir ki, bu faktorlar ümumi iqtisadi inkişafı sürətləndirəcək və qarşılıqlı faydalı əməkdaşlığı artıracaq.
Həsənov Nəbati
Azərbaycan Universiteti
Azərbaycan Universiteti