Sabah Argentinanın paytaxtı Buenos-Ayresdə dünya tarixinin ən ecazkar futbolçularından biri, dünya çempionu Dieqo Armando Maradonanın ölümü ilə bağlı təqsirləndirilən şəxslərin məhkəməsi başlanacaq. 

Offsideplus.az xəbər verir ki, ittihama görə, əfsanəvi futbolçunun ölümündə 7 həkim günahlandırılır.

Maradona 2020-ci il noyabrın 25-də Buenos-Ayresdəki fərdi evində dünyasını dəyişib. Həmin ərəfədə 60 yaşlı keçmiş hücumçu qadağan olunmuş maddələrin müntəzəm istifadəsinə görə beyində yaranan trombun əməliyyatından sonra bərpa prosesi keçirmiş. 

Öncə həkimlər Maradonanın ürəktutmasından vəfat etdyini bildiriblər. Lakin dəfn mərasmindən dərhal sonra araşdırmalara başlayan hüquq-mühafizə orqanları mərhumun ciyərlərində şiş aşkarlayıblar. Nəticədə onun həkimlərin səhlənkarlığı ucbatından öldüyü qərarına gəlinib.

Prokuror həkimlərin səhlənkarlığını, qaydalara zidd müalicə üsulunu seçdiyini, həmçinin futbolçunun ölümündən öncə ağır və dözülməz halda taleyin öhdəliyinə buraxıldığını vurğulayıb. Hətta gecə növbəsində olan tibb bacısı istintaqa bidirib ki, həyat üçün təhlükəli əlamətlər olmasına baxmayaraq, "Maradonanı oyatmamaq əmri" alıb. 

Yalnız 4,5 ildən sonra həkimlər məhkəmə qarşısına çıxarılır. Məhkəmə cinayət işini 4 ay ərzində yekunlaşdırmalıdır. Əgər kifayət qədər sübutlar olarsa, həkimləri 25 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.