
Kivinin qabığı yeməlidir və sağlamlığa zərər vermir. Üstəlik, tərkibində yüksək miqdarda lif, antioksidanlar və vitaminlər var.

E-saglam.az xəbər verir ki, kivi qabığı içindən üç dəfə çox lif ehtiva edir, həzmə və bağırsaq sağlamlığına müsbət təsir göstərir. C və E vitaminləri ilə zəngin olduğu üçün immuniteti gücləndirir və hüceyrələri qocalmadan qoruyur. Həmçinin, antioksidant tərkibi sayəsində iltihabı azaldır və dərini qoruyur.
Lakin bəzi insanlara uyğun olmaya bilər. Həssas həzm sistemi olanlarda narahatlıq yarada bilər. Kivi allergiyası olanlar üçün isə qabıqda daha çox allergen ola bilər. Toxumasını xoşlamayanlar da onu yeməyə məcbur deyillər.
Kivi qabığını yemək üçün bir neçə üsul var. Yaxşıca yuyub birbaşa alma kimi dişləyə bilərsiniz. İncə dilimləyərək meyvə salatına və ya qatığa əlavə etmək mümkündür. Smuzi hazırlayarkən bütöv kivini blenderə atıb qarışdırmaq da praktik üsuldur. Digər meyvələrlə birləşdirərək daha xoş dad əldə edə bilərsiniz.
Qeyd: Məqalə yalnız məlumat məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyil.
Tərcümə: Könül Oruc