AZ

Qərbi Azərbaycan Xronikası: Məmmədsadıq Aran Türk dünyasının ən böyük şəxsiyyətlərindən biridir

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi “Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin sədri, tədqiqatçı Elməddin Behbud olub. O, Qərbi Azərbaycanın Zəngəzur mahalından - Qarakilsə rayonunun Vağudi kəndindən söhbət açıb. Bildirib ki, Vağudi Qarakilsə rayonunun ən qədim və böyük yaşayış məntəqələrindən biridir. Burada tarixən Azərbaycan türkləri yaşayıblar. Kəndin yaxınlığındakı qədim Alban məbədi bu tarixi gerçəkliyi özündə nümayiş etdirən əsas abidələrdən biridir.

Tədqiqatçının fikrincə, tarixi mənbələr sübut edir ki, Vağudidə 1918-ci ilə qədər heç bir erməni məskunlaşmayıb. Azərbaycanlıların 1918-1920-ci illər soyqırımından sonra bu yaşayış məntəqəsinə Türkiyə və İrandan onlarla erməni ailəsi köçürülüb.

E.Behbud müəllifi olduğu və bir müddət əvvəl təqdimatını keçirdiyi “Mücahid ömrü Məhəmmədsadıq Aran” kitabından da danışıb. Deyib ki, böyük zəhmət hesabına ərsəyə gələn tədqiqat əsəri Azərbaycanın atəşli istiqlalçısı, Türkçü cəbhənin yorulmaz mücahidi Məhəmmədsadıq Aran şəxsiyyətini geniş ictimaiyyətə çatdırmağa xidmət edəcək. QHT sədrinin sözlərinə görə, M.Aran Türk dünyasının ən böyük şəxsiyyətlərindən biridir və istər sovetlər birliyi dövründə, istərsə də müstəqilliyimizin yenidən bərpasından indiyə qədər ötən vaxt ərzində onun fəaliyyəti dərindən araşdırılmayıb. Ona görə də bu kitab həmin boşluğun aradan qaldırılmasında mühüm rol oynayacaq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Seçilən
57
1
report.az

2Mənbələr