Yazın istisindən, qışın soyuğundan qoruna bilək
Yazın əvvəli, qışın sonundayıq. Fəslin tələbinə uyğun olaraq havalar daim dəyişir. Səhərlər hər nə qədər isti olsa da, axşam saatlarında havalar bir xeyli soyuyur. Bəzən külək, bəzən isə yağış bu aylarda necə geyinəcəyimizlə bağlı qərar verməyimizdə çətinlik yaradır. Xüsusilə, mart-aprel aylarında küçədə, işdə hər cür geyimdə insan görürük. Kimisi hələ də paltodadır, kimisi də nazik gödəkcə geyinir.
Qeyd edək ki, havaların bu cür dəyişməsi müəyyən sağlamlıq problemlərinə də yol açır. Belə ki, səhər saatlarında havanın isti keçməsi aldadıcı olur və insanların əksəriyyətinin daha nazik geyinməsinə şərait yaradır.
Sintetik parçalardan istifadə etmək olmaz
Mütəxəssislərin fikrincə, isti havalarda parçanın materialına fikir vermək lazımdır. Hətta parçanın materialı rənglərdən də önəmli rol oynayır. Ona görə də bu aylarda təbii materiallara üstünlük verilməlidir. Xüsusilə, mart-aprel aylarında sintetik tərkibli geyimlərdən qətiyyən istifadə etmək olmaz. Çünki bu tip geyimlər daha tez tərləməyə şərait yaradır.
Qapalı geyimlərə üstünlük verilməlidir, amma...
Mütəxəssislərin fikrincə, havaların necə keçməsindən asılı olmayaraq, bədənə oturmayan, gen-bol biçimdə olan geyimlər daha faydalıdır. Belə ki, havalar mülayim keçsə də açıq geyimlərdən istifadə etmək bir o qədər də məqsədəuyğun deyil. Çünki bu halda günəş şüaları bədənə birbaşa nüfuz edir və bu, insan orqanizminə mənfi təsir göstərir. Yaxşı olardı ki, nisbətən qapalı geyimlərə üstünlük verilsin. Amma bu o demək deyil ki, tünd rəngli qapalı geyimlərdən istifadə edilməlidir. Açıq ağ rəngli tonlarda qapalı geyinmək orqanizm üçün daha faydalıdır. Çünki ağ rəng günəş şüalarını geri qaytarır və nəticədə dəri nəfəs alır. Ultrabənövşəyi şüalardan qorunmaq üçün bu, ən əlverişli üsullardandır.
Uzaq durun!
Mütəxəssislər, həmçinin bildirirlər ki, havalar isindikcə süni tərkibli parçalardan hazırlanan paltarları geyinmək olmaz. Paltar seçimində çox açıq geyimlərin istifadəsi sağlamlıq baxımından da yolverilməzdir. Belə dövrlərdə daha çox havakeçirici paltarlardan istifadə edilməlidir. Bu mənada, istər baş örtükləri, istərsə də digər geyimlər pambıq materialından olmalıdır ki, bədəni havalandıra bilsin. Süni tərkibli parçalardan mümkün qədər uzaq durmaq lazımdır. Mülayim havalarda geyim elə seçilməlidir ki, istinin orqanizmə neqativ təsirini minimuma endirə bilsin.
Yeganə BAYRAMOVA