AZ

Pyotr Zelinski 2 ay “İnter”ə kömək edə bilməyəcək

Futbol üzrə Polşa yığmasının və Milan “İnter”inin yarımmüdafiəçisi Pyotr Zelinski 2 ayadək yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

30 yaşlı mərkəz yarımmüdafiəçinin baldır əzələsindən xəsarət aldığı bildirilir. O, İtaliya A Seriyasının 28-ci turunda “Montsa”ya 3:2 hesabı ilə qalib gəldikləri ev oyununda zədələnib. 70-ci dəqiqədə meydana çıxmış futbolçu cəmi 3 dəqiqə sonra əvəzlənmək məcburiyyətində qalıb.

Xatırladaq ki, Pyotr Zelinski “İnter”ə 2024-cü ilin iyul ayında “Napoli”dən azad agent qismində keçib. Polyak futbolçunun Milan təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Zelinski “İnter”nin heyətində bütün yarışlarda 33 oyun keçirib. O, bu oyunlarda 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Zelinski karyerası ərzində “Udineze” və “Empoli”də də çıxış edib.

Pyotr Zelinski 2013-cü ilin iyun ayında debüt etdiyi Polşa yığmasının heyətində meydana çıxdığı 99 oyunda 14 qol vurub, 15 məhsuldar ötürmə verib.

Pyotr Zelinskinin qənimətlər muzeyində “Napoli” ilə qazandığı İtaliya A Seriyası çempionluğu (2022/2023) və İtaliya Kuboku (2019/2020) var. Həmçinin Zelinski 2023-cü ildə Polşada ilin futbolçusu seçilib.

“Transfermarkt” internet-portalı 30 yaşlı polyak mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
29
arena.az

1Mənbələr