Son vaxtlarda Ermənistanla Hindistan arasında hərbi sahədə əməkdaşlıq daha da intensivləşib. Bu günlərdə Ermənistanın Hindistandakı səfiri Vaaqn Afyan Müdafiə Nazirliyində Hindistan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə birgə katibi Vişveş Neqi ilə görüşüb. V.Neqi Ermənistanın Hindistandakı hərbi attaşesi polkovnik Arkadi Tonoyanın mühüm missiyasını alqışlayıb. Bu barədə Ermənistanın Hindistandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, tərəfər iki ölkənin müdafiə nazirlərinin görüşündən sonra əldə olunmuş razılaşmaların həyata keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, müdafiə sahəsində məsləhətləşmələrin davamlılığının təmin edilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Eyni zamanda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Hindistana səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Subrahmanyam Caişankar və digər rəsmi şəxslər arasında görüşləri baş tutub. Bu görüşlərdə də əsas müzakirə mövzularından biri müdafiə sahəsində əməkdaşlıq olub.
Göründüyü kimi, iki ölkənin rəsmiləri davamlı olaraq bir araya gələrək qeyd olunan istiqamətdə əməkdaşlığın daha geniş imkanlarını axtarışlar ki, bu da suallar yaratmaya bilməz. Sözdə sülhyaratma prosesinə sadiqlikdən danışan Ermənistan rəsmilərinin reallıqda buna zidd olan mövqe sərgiləmələri, o cümlədən Hindistanla hərbi sahədə əməkdaşlığı güclədirməklə bağlı müzakirələr aparmaları hansı məqsədə xidmət edir?
Ermənistan yeni müharibəyə təhrik edilir
Bu gün məğlub Ermənistana revanşizm əhval-ruhiyyəsi hakim kəsilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Revanşistər həm iqtidar komandasında, həm də müxalifət düşərgəsində yer alırlar. Eyni zamanda, onlar bəzi xarici qüvvələr tərəfindən dəstəklənirlər. Cənubi Qafqaz coğrafiyasında siyasi və iqtisadi məqsədlər güdən Fransa kimi ölkələr özlərinin regional maraqlarına Ermənistan üzərindən nail olmağa çalışırlar və bu məqsədlə rəsmi İrəvanı yeni müharibəyə təhrik edirlər.
Ermənistanın yeni müharibəyə təhrik edilməsində Fransa xüsusi canfəşanlığı ilə fərqlənir. Prezident Makron Ermənistanı hər zaman dəstəkləyəcəyini bildirib. Yelisey Sarayı rəsmi İrəvanı dəstəkləməklə bağlı yalnız siyasi bəyanatlar vermir, həm də bu ölkəyə öldürücü silahlar tədarük edir. Xatırladaq ki, Fransadan Silahlar üzrə Baş Direktorluğun (Direction generale de l’armement, DGA) nümayəndə heyəti İrəvana səfər edib. Artıq ikitərəfli silahlanma komitəsinin işi bərpa olunub. Ona Fransa silahlarının Ermənistana tədarükü üçün “strateji planlaşdırma”nı təmin etmək tapşırılıb. İrəvandakı səfirliyində hərbi attaşe vəzifəsi təsis etməsi Yelisey Sarayının niyyətini bir daha ortaya qoyur. Parisin Ermənistana ölümcül silahların tədarükü barədə hərbi-siyasi qərarına əsas dəstəyi şəxsən Makron göstərib.
İndiyədək Fransadan Ermənistana tədarük olunan silah partiyasına gecəgörmə cihazları, GM200 radar stansiyaları daxildir. İki ölkə arasında imzalanan hərbi əməkdaşlıq sazişi həm də Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sisteminin Ermənistana tədarükünü nəzərdə tutur. Bu radar sistemi PUA, helikopter, qanadlı raketlər kimi təhlükələri aşkar etmək və izləmək qabiliyyətinə malikdir. “Ground Master 200” müasir radar sistemi 250 km uzaqlığında hava hədəflərini aşkar etmək imkanına malikdir. Görünən odur ki, Ermənistan silahlı qüvvələri hava hücumundan müdafiə qoşunlarının itirilmiş döyüş qabiliyyətini bərpa etmək istəyir. Bəs Ermənistanın bu silahları almaq üçün vəsaiti varmı? Bəzi fikirlərə görə, ona silahlar pulsuz verilir. Fransanın “Le Monde” qəzeti də bir müddət əvvəl bu məsələyə toxunub. Materialda bildirilib ki, ermənilərə radar və zenit-raket komplekslərinin satışı ilə yanaşı, birgə təlimlərin keçirilməsi də daxildir. Lakin Ermənistanın bu xərcləri necə ödəyəcəyinin sual altında olduğu qeyd edilib. Fransadan Ermənistana həmçinin “Bastion” tipli zirehli texnikalar da daşınıb. Qeyd edək ki, “Acmat” şirkətinin “Bastion” zirehli döyüş maşınları Afrika və Yaxın Şərq iqliminə uyğundur. İndiyə qədər bu avtomobilləri Benin, Somali, Qabon, Kamerun, Mali, Burkino-Faso və digər Afrika ölkələri alıblar.
Son vaxtlarda Ermənistanın silahlanmasında ABŞ-ın keçmiş administarsiyası da fəal iştirak edib. Ötən il mətbuatda ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi ilə Ermənistan Silahlı Qüvvələri üçün yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirildiyinə dair məlumatlar yayıldı. Verilən məlumatlarda xüsusi olaraq vurğulanır ki, ABŞ Ermənistanı silahlandırmaqla yanaşı, həm də onun ərazisindən istifadə etməklə İranla bağlı kəşfiyyat işləri aparır. Eyni zamanda, Bayden administarsiyası dönəmində Ermənistan Müdafiə Nazirliyində ABŞ-dan olan hərbiçi rəsmi ştatda işə götürülüb və iki ölkənin hərbiciləri birgə təlimlərə cəlb olunublar.
Hindistandan alınan silahlar
Yeni müharibəyə təhrik edilən Ermənistanın sılahlandırılması daha çox dərəcədə Hindistan üzərindən həyata keçirilir. Müstəqil araşdırmaçılar müəyyənləşdiriblər ki, Dehlinin İrəvana tədarük etdiyi silahların bir qismi Fransa istehsalıdır. Yelisey Sarayı iz azdırmaq məqsədilə öz silahlarını Hindistan vasitəsilə Ermənistana göndərir.
Siyahıda həmçinin Hindistanın öz istehsalı olan silahlar da var. Hindistandan Ermənistana silah tədarükünə dair təxminən 2 milyard dollarlıq ilk böyük müqavilə 2020-ci ildə imzalanıb. Ermənistan mətbuatı Hindistanda dərc olunan “The Economic Times” nəşrinə istinadən iki ölkə arasında 2022-ci il sentyabrın əvvəlində imzalanan dövlətlərarası müqavilənin bəzi detallarını açıqlayıb. Sənədin şərtlərinə əsasən, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcək. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə olunur.
Ermənistana silah tədarükü barədə Hindistan mətbuatında da materiallar dərc olunub. Hindistan mətbuatının yazdığına görə, yaxın üç ildə Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan “ATAGS” haubitsaları da tədarük ediləcək. Ermənilərin şəninə təriflər yağdırdıqları 155 mm-lik bu topların atış məsafəsinin 48 kilometrə qədər olduğu, dağ döyüş əməliyyatları şəraitində sınaqdan keçirildiyi və hazırda Hindistan ordusunun arsenalına 150 ədəd “ATAGS”ın daxil edildiyi bildirilir. Ermənistanın bu haubitsalardan 70-100 ədəd ala biləcəyi proqnozlaşdırılır. İrəvan həmçinin 18 ədəd “Pinaka” reaktiv yaylım atəş sistemi (atış məsafəsi 70 km), çoxlu sayda tank əleyhinə sistemlər və s. almağı da planlaşdırır. Bu isə bütün müqavilələrin ümumi dəyərinin 500 milyon dollara qədər artırılması deməkdir.
Ermənistana 2021-ci ildən etibarən raket kompleksləri, hava hücumundan müdafiə sistemi və pilotsuz uçuş apartaları satan Hindistan indi isə bu ölkəyə snayper tüfəngləri satmağı planlaşdırır. Artıq Hindistanın “SSS Defence” şirkəti özünün istehsal etdiyi snayper tüfənginin Ermənistana satışı ilə bağlı müqavilə imzalayıb. Bu barədə “Indian Defence” məlumat yayıb. Bildirilir ki, rəsmi Dehli ilk dəfədir tamamilə Hindistanda dizayn edilmiş və istehsal edilmiş snayper tüfənglərini xarici ölkəyə ixrac edir.
Türkiyə mətbuatının izinə düşdüyü faktlar
Ermənistan nisbətən ucuz silah və sursat idxalını həyata keçirmək məqsədilə Hindistanla müdafiə dialoqunu genişləndirir. Bu barədə Türkiyənin “Star” qəzeti yazıb. Nəşr qeyd edir ki, Ermənistan Azərbaycanla 44 günlük müharibə nəticəsində itirdiyi hərbi-texniki potensialı bərpa etmək cəhdi ilə son illər Fransa və Hindistandan silah almağa başlayıb. Sitat: “Bu dialoqun son həlqəsi cari il fevralın 10-14-də “Aero India 2025” beynəlxalq aerokosmik sərgisini ziyarət edən Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi yüksəksəviyyəli nümayəndə heyətinin Hindistana səfəri olub”. Tərəflərin müəyyən növ məhsulların birgə istehsalının yaradılmasını istisna etməyən ekspert rəylərinə əsaslanan qəzet yazır: “Aviasalon çərçivəsində Ermənistan və Hindistanın müdafiə nazirliklərinin rəhbərləri ilə müdafiə şirkətlərinin nümayəndələri arasında danışıqlar aparılıb”.
“Ermənistan 2024-2025-ci illər üçün Hindistandan daha 600 milyon dollar məbləğində silah almağı öhdəsinə götürüb. İrəvan artilleriya sistemlərinə və hava hücumundan müdafiəyə üstünlük verir”, - deyə məqalədə bildirilir.
Digər məsələlərlə yanaşı, qəzet Hindistanın “Zen Anti-Drone System” (ZADS) şirkəti tərəfindən hazırlanmış pilotsuz uçuş aparatları əleyhinə sistemlərin Ermənistana tədarükü üçün 41 milyon dollarlıq sifariş barədə məlumatlara da istinad edir.
Bundan başqa, İrəvanda Hindistanın “Hindustan Aeronautics Limited” şirkəti vasitəsilə dörd “Su-30 SM” təyyarəsinin təkmilləşdirilməsi məsələsi də müzakirə olunur. “Star” yazır ki, bu məsələ ilə bağlı danışıqların birinci mərhələsi ötən ilin sonunda baş tutub. “Nəticədə Hindistan Ermənistana əsas silah tədarükçüləri siyahısında Rusiyanı əvəz etməyə başlayıb və İrəvan bu Cənubi Asiya ölkəsindən silah idxal edənlər arasında lider mövqe tutur, - deyə nəşr vurğulayıb.
Bəhs olunan faktlar rəsmi İrəvanın sülh ritorikasının başdan-ayağa blef olduğunu əyani şəkildə təsdiqləyir. Görünür, Ermənistan dövləti və cəmiyyəti 44 günlük müharibənin dərslərindən lazımi nəticələri çıxarmayıb. Şübhə yoxdur ki, Ermənistan yeni müharibə avantürasına başlayacağı təqdirdə bunun fəsadları məğlub ölkə üçün daha sarsıdıcı olacaq.
Mübariz FEYİZLİ