Bu gün Sosial Tədqiqatlar Mərkəzi və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irs” kitabının üçüncü cildinin təqdimat mərasimi keçirilir. Kitab 2024-cü ildə dərc olunmuş və müəllifi sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Əliyevdir.
QHT.az xəbər verir ki, layihənin rəhbəri Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc, elmi redaktoru isə Əvəz Əkbəroğludur. Kitabda Ermənistan ərazisində yerləşən Qərbi Azərbaycan irsinin tarixi, onun ermənilər tərəfindən dəyişdirilməsi və məhv edilməsi məsələləri araşdırılır. Tarixi faktlara əsaslanan tədqiqat əsəri Azərbaycan oxucularına və elmi ictimaiyyətə Qərbi Azərbaycandakı mədəni irsin vəziyyəti haqqında geniş məlumat təqdim edir.
Nəşrdə Ermənistan Respublikasının rəsmi sənədləri və elmi mənbələri əsasında Qərbi Azərbaycandakı abidələrin dəyişdirilməsi və məhv edilməsi faktları əks olunub. Kitab həmçinin 1987-1991-ci illərdə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası və 44 günlük Vətən müharibəsindən sonra bu məsələnin beynəlxalq hüquqi çərçivədə müzakirəsinə dair araşdırmaları ehtiva edir. Nəşr oxuculara Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi üçün fundamental biliklər təqdim edir.
Sosial Tədqiqatlar Mərkəzində keçirilən təqdimat mərasimində elm adamları, tədqiqatçılar və ictimaiyyət nümayəndələri iştirak edərək Qərbi Azərbaycanın tarixi-mədəni irsinin qorunması və öyrənilməsi istiqamətində müzakirələr aparırlar.