Aliment Fondunun yaradılması saxta boşanmaları artıra bilər. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”nin müzakirəsi zamanı komitə sədri Zahid Oruc deyib.
“Mən ilk dəfə Aliment Fondunun yaradılması ilə bağlı məruzədə yer alan təklifə öz subyektiv fikrimi demək istəyirəm. Boşanmalarla bağlı bir daha Aliment Fondunun yaradılması effektli yol kimi irəli sürülür. Bizə görə belə addımın atılması əksinə, saxta boşanmaları gücləndirə bilər. Məruzədə Ombudsmanın aliment ödənişlərinin təyinatını, qanunvericilikdə aliment öhdəliklərinin icrasına xüsusi yanaşmanı, o cümlədən bu sahədə məhkəmə qərarlarının icrasındakı problemləri nəzərə alaraq, habelə xarici ölkələrin təcrübəsinə əsaslanmaqla əvvəlki illik məruzələrində Aliment Fondunun yaradılması ilə bağlı irəli sürdüyü təklif aktuallığını saxlayır”, - deyə Zahid Oruc qeyd edib.
Bəs, görəsən, millət vəkilinin sözlərində həqiqət varmı? Aliment Fondu saxta boşanmaları artıra bilərmi?
Məsələyə münasibət bildirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, bu fondun yaradılması təklifi reallaşarsa, boşanmaların sayına heç bir təsir göstərməyəcək:
“Söhbət ondan gedir ki, biz burada uşaqların taleyini düşünürük. Onsuz da boşanmadan belə hər bir valideynin aliment almaq hüququ var. Belə ki, ata uşağa baxmırsa, uşağın sosial rifahını təmin etmirsə, ana boşanmadan da aliment ala bilər. Ona görə də bu fondun yaradılmasının boşanma sayına təsiri absurd məsələdir. Boşanmaların qarşısını sosial vəziyyəti dəyişməklə almaq lazımdır. Aliment yalnız uşağa müəyyən edilmiş bir vəsaitdir ki, uşağın inkişafına kömək eləsin. Yaxşı olar ki, bu fond haqqında təklif reallaşsın. Bir çox hallarda uşaqlar normal inkişaf, təhsilə cəlb oluna bilmirlər. Bunun üçün qadınların əmlakları olmur, valideynləri kömək eləmir və yaxud valideynləri boşanmış qızlarını yalnız uşaqdan imtina etdiyi halda qəbul edirlər. Məsələ müəyyən mənada həmin qadınların öz uşaqlarını böyütməsinə dəstək üçün çox yaxşı olar. Həmin pulun geri almaq mexanizmi güclü olmalıdır".
Ekspert vurğulayır ki, belə fond əksinə, kişilərin arxayın olmasına şərait yaradar: “Yəni, Aliment Fondunun mexanizmi dəqiq izah edilməlidir. Tərəflər bilməlidirlər ki, fond daima onların ehtiyaclarını ödəməyəcək və ya hansısa formada bu, əvəzsiz qalmayacaq. Bəzi hallarda öncədən proqnoz vermək olmur. Burada vətəndaş, valideyn məsuliyyəti, qərara riayət etmək məsələləri çox vacibdir. Qanundan yayınanlar kifayət qədərdir. Başqa sözlə, burada verilən vəsaitin şəxsə hədiyyə olmadığı vurgulanmalıdır. Fond yaradılanda təhlükə və risklər nəzərə alınmalıdır”.
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev deyib ki, bu gün alimentlərin ödənilməsi ilə bağlı kifayət qədər problemlər var: “Bəzi valideynlər obyektiv və ya subyektiv səbəblərdən aliment ödəməkdən boyun qaçırmağa çalışırlar. Obyektiv səbəb odur ki, ola bilər şəxsin gəliri olmasın, bu səbəbdən aliment ödənişi edə bilməsin. Subyektiv isə bilərəkdən öz adında olan obyekti başqasının adına keçirir, gəlirini gizlədir və işsiz kimi qeydiyyatdan keçir ki, aliment ödəməsin. Belə valideynlər bilməlidirlər ki, aliment bir şəxsin digər şəxsə ödədiyi maddi ödəniş deyil. Bu, uşağın qidalanması, böyüməsi, inkişafı üçün lazımdır. Təsadüfi deyil ki, alimentin məbləği uşaqlar üçün yaşayış minimumu səviyyəsində müəyyən olunur. Yəni, aliment qadının kişiyə və ya kişinin qadına ödənişi kimi başa düşülməməlidir. Bu sırf uşaqların ehtiyacları üçün nəzərdə tutulmuş məbləğdir. Həmin vəsait bütün hallarda ödənilməlidir. Alimenti işsiz olduğu üçün şəxs ödəyə bilmədiyi hallarda alternativ Aliment Fondunun yaradılması təşəbbüsü ortaya çıxıb. Hazırkı halda işsizdirsə, aliment ödəyə bilmirsə, bu halda Aliment Fondu yaradılır və həm dövlət, həm də əlaqəli təşkilatlar tərəfindən maliyyələşdirilə bilər. Şəxs iş tapdıqdan sonra onun maaşının bir hissəsi Aliment Fonduna transfer olunacaq ki, fond tərəfindən uşaq üçün ödənmiş məbləğ kompensasiya olunsun. Sırf bu məqsədlə fikir irəli sürülüb”.
Ü.Şəfiyev hesab edir ki, aliment tətbiqindən sonra müvafiq qurumlar və sosial agentliklər tərəfindən qiymətləndirmələr aparılmalıdır: “Düşünmürəm ki, Aliment Fondu yaradılsa, saxta boşanmaların sayı artacaq. Saxta boşanma halları varsa, həmin hallar ifşa olunmalı, ictimailəşdirilməli, hətta hüquqi məsuliyyət də nəzərdə tutulmalıdır. Aliment ödənişində saxta boşanmaya rəvac verən bir hal yoxdur. Güman edirəm ki, alimentlə bağlı nəzarət mexanizmi tətbiq olunacaq ki, saxta boşanmaların qarşısı alınsın. Bununla şəxslərin saxta boşanmalara üz tutma hallarının qarşısı alınacaq. Bu vəziyyəti konkret mexanizmlərlə tənzimləmək mümkündür”.