“Ali təhsil və yaxud orta ixtisas təhsil istiqamətində təcrübə müddəti üçüncü kursdan başlanılmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.
O bildirib ki, ali təhsil, həmçinin orta ixtisas təhsili istiqamətində bir çox hallarda məzunlar təəssüf ki, iş tapmaqda çətinlik ilə qarşılaşır: “Biz dəfələrlə təklif edirik ki, bu kimi gənclərin əmək fəaliyyətinə başlaması üçün müvafiq olaraq təcrübə müddəti ali təhsil və yaxud orta ixtisas təhsil istiqamətində ən azı üçüncü kursdan başlanılmalıdır. Onlar 1 il, maksimum 2 il təcrübə keçməlidirlər. Təcrübə keçmək imkanları da konkret hansısa istehsalat müəssisələri və yaxud digər müəssisələrdə onların əmək fəaliyyətinə başlanması ilə qeydə alınmalıdır. Bu təcrübədə artıq həmin şəxs orada əmək müqaviləsi bağlayır. Eyni zamanda onun təcrübə müddəti əmək fəaliyyətinə başlanması kimi qeydə alınır. Çünki, əksər hallarda biz baxırıq ki, məsələn, menecment, maliyyə və yaxud da başqa bir sahə əmək fəaliyyətinə başlayarkən onlardan iş təcrübəsi tələb olunur. Nəticədə iş təcrübəsi olmayanların da iş ilə təminatı mümkün olmur. Ona görə də düşünürəm ki, ən azından bu kimi imkanlar gənclərin gələcəkdə daha asan iş ilə təmin olmaq imkanını yarada bilər. Bundan əlavə digər üstünlük o ola bilər ki, ali təhsil müəssisələri və yaxud orta ixtisas təhsil müəssisələri müvafiq olaraq istər dövlət, istər özəl qurumlar ilə əməkdaşlıq etməlidir. Tələbələrin gələcəkdə həmin müəssisələrdə iş imkanlarını yaxşılaşdırmaq üçün ən azından aralarında bir saziş olmalıdır”.
Müəllif: Qumral Əlizadə