AZ

Dövlət Turizm Agentliyindəki həbslərin ŞOK PƏRDƏARXASI

Dövlət Turizm Agentliyinin (DTA) rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verilməsindən sonra bu qurum ətrafında iddialar səngimir.

Redaktor.az musavat.com-a istinadən xəbər verir ki, Dövlət Turizm Agentliyindən xidməti yazışmaların sızdırılması qurumun rəhbəri Fuad Nağıyevin postunu itirməsi ilə nəticələnəcək.

DTA Aparatının əməkdaşı Nicat Hüseynovun həbsindən əvvəl xəbər yayılmışdı ki, Fuad Nağıyevlə yanaşı, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb ediliblər. "Dövlət Turizm Agentliyinin vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır", - deyə mənbə bildirib.

İddialarda o da bildirilir ki, Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən "Transparency International" təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrilib. Belə ki, Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər "Transparency İnternational" təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər.

Məlumata görə, Fuad Nağıyevin ətrafı davamlı olaraq xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər. Xəbər verdiyimiz kimi, iki gün əvvəl Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov işdən çıxarılıb.

Kənan Qasımov

Onu da bildirək ki, sözügedən şəxs 2009-2014-cü illərdə "Transparency International/Azerbaijan" təşkilatında müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi Milli Turizm Təbliğat Bürosunda Monitorinq və Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin oktyabrından Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. Yeri gəlmişkən, Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov agentliyin ünvanına sərt fikirlər səsləndirib. "Dövlət Turizm Agentliyinin rəhbərliyinin niyə Milli Kulinariya Mərkəzini iflic vəziyyətinə salması, Milli Kulinariya Assosiasiyasına daim təzyiq göstərməsi, Ermənıstana bu sahədə yol açıb revanş verməsi, bu sahədəki QHT-lərin işinə qanunsuz müdaxilə etməsi, özünə QHT yaratması, dövlətin bu sahədəki qələbələrinin heçə endirilməsi, brendləşən festivalların ləğvi, Kulinariya Şöhrəti Muzeyinin dağılmasının səbəblərini indi yalnız təxmin etmirik, həm də buna artıq əminik, bunu artıq hamı anlayır", - deyə o bildirib. Tahir Əmiraslanov dövlət başçısına məlum sərəncama görə təşəkkür edib. Qeyd edək ki, Dövlət Turizm Agentliyi iddialara heç bir münasibət bildirməyib. Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Turizm Agentliyi ilə əlaqəli istintaq isə davam edir. Bu isə o deməkdir ki, sürpriz həbslər qaçılmazdır.

Musavat.com-un yaydığı son xəbərə görə, agentliyin sədri Fuad Nağıyevin işə çıxmadığı bildirilir. Məlumata görə, yaxın günlərdə Fuad Nağıyevin tutduğu vəzifədən azad edilməsi gözlənilir. Onu da deyək ki, Fuad Nağıyevə töhmət elan edilməsindən sonra DTX qurumda yoxlamalara başlayıb. Bunun nəticəsi olaraq Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov həbs edilib. Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov isə vəzifələrindən uzaqlaşdırılıb. Onların da istintaqa cəlb edildiyi bildirilir.

Seçilən
22
24
redaktor.az

10Mənbələr