ABŞ dövlət katibi Marko Rubio diqqət çəkən açıqlamalar verib. O, mətbuat konfransında çıxışı zamanı bildirib ki, Ukraynaya hərbi tədarükün bərpası Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna danışıqlarının nəticəsindən asılı olacaq.
"Əgər orada (Ciddədə - red.) bizə məmnunluq gətirən və prezidentə hesabat verə biləcəyimiz yaxşı görüşümüz olsa, o zaman yardımlara dair fasilə ilə bağlı yeni qərarların veriləcəyini düşünürəm", - Rubio jurnalistlərə bildirib.
Xatırladaq ki, bir müddət öncə Vaşinqtona gedən Vladimir Zelenski ilə Tramp arasında siyasi qalmaqal yaşanmışdı. Bundan sonra Ağ Ev rəhbəri Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzaladı. Ağ Ev-in bununla bağlı bəyanatında deyilir ki, "prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural