ABŞ prezidenti Donald Tramp kəşfiyyat məlumatlarının Ukraynaya verilməsini bərpa edib-etməyəcəyinə dair medianın ona ünvanladığı suala cavab olaraq bildirib ki, ölkəsi Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşımağı dayandırmaq qərarını “demək olar ki, dayandırıb”. Tramp deyib: “Ukraynanın nəsə etməkdə ciddi olmasını təmin etmək üçün əlimizdən gələni etmək istəyirik”.
Hafta.az-ın yazdığına görə, eyni zamanda, prezident Səudiyyə Ərəbistanında Ukrayna rəsmiləri ilə danışıqlardan yaxşı nəticələr gözlədiyini qeyd edib. Ukraynanın mədən müqaviləsini imzalayacağını düşündüyünü və sülh istəyəcəyinə inandığını deyən Tramp, Ukraynanın sülh istəyini necə göstərməli olduğu sualına da cavab verib.
"Hazırda bunu etməyiblər, amma edəcəklər və düşünürəm ki, bu, yaxın iki-üç gündə bəlli olacaq", - Tramp bildirib. O, bu həftə baş verəcək hadisələrə diqqət çəkib. Hər şey üçün sülhə ehtiyac olduğunu deyən Tramp bu həftə yüzlərlə insanın öldüyünü və buna son qoyulmalı olduğunu vurğulayıb. “Mən əvvəldən prezident olsaydım, bu heç vaxt baş verməzdi” deyib Tramp.
Birləşmiş Ştatlar Ukrayna ilə bütün kəşfiyyat məlumatlarının, o cümlədən raket və silahlı pilotsuz uçuş aparatlarının (PUA) buraxılışı ilə bağlı məlumat mübadiləsini dayandırıb. “The Economist” qəzetinin müxbiri Oliver Karroll bildirib ki, ABŞ martın 5-də saat 14:00-dan etibarən Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırıb.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff martın 5-də verdiyi açıqlamada ABŞ-ın Ukraynaya silah daşınmasını və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırdığını təsdiqləyib. O bildirib ki, bu qərar Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiya ilə planlaşdırılan sülh danışıqları ilə bağlı prezident Donald Trampla əməkdaşlıq etməsi üçün təzyiq məqsədi daşıyır.
Rusiyanın hücumlarına qarşı Ukraynanın hava hücumundan müdafiəsini zəiflədəcəyi düşünülən bu qərar ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırdığını açıqlamasından dərhal sonra verilib. Bu qərarın Ukraynanı danışıqlar masası arxasına keçməyə razı salmaq üçün verildiyi bildirilir.
Ötən gün Konqresdəki çıxışında Tramp Zelenskidən danışıqlara hazır olduğunu bildirən məktub aldığını açıqlamışdı.