Azərbaycanda pensiyalardakı artımdan sonra tələbə təqaüdünün də artırılması gözlənilir.
“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, dövlət başçısı 2024-cü il dekabr ayında imzaladığı sərəncama əsasən bu məsələlər barədə tapşırıqlar verib. Maliyyə Nazirliyi 3 ay ərzində bu barədə təkliflərini ölkə Prezidentinə təqdim etməli idi.
Bütün bu planlaşdırmalara görə, mart ayının sonuna kimi nəzərdə tutulan müavinat və təqaüdlər haqqında hesabat hazır olmalıdır.
Deputatın bildirdiyinə görə, bu il artım olan sahələr üzrə müəllimlərin maaşları və tələbələrin təqaüdləri əsas yeri tutur. Bu artımların nə qədər olacağına isə Nazirlər Kabinetinin büdcə hesablamasından sonra qərar veriləcəyini bildirən deputat həmçinin əlavə edib ki, dövlət hər zaman tələbə və müəllimlərə həssas yanaşaraq bu sahədə əsaslı işlər görüb:
“Buna görə də, bu dəfə də maaş və təqaüdlərin artırılması zamanı hər bir detal xüsusi olaraq hesablanıb qərar veriləcək”.
Qeyd edək ki, hazırda dövlət universitetlərində təhsil alan və təqaüddən yararlanan tələbələr “əlaçı” statusunda 175 manat, “həvəsləndirici” olaraq 145 manat, “adi” olaraq isə 100 manat təqaüd alırlar.
Sonuncu dəfə tələbə təqaüdünün artırılması 2023-cü ildə həyata keçirilib.
Müəllif: Türkan_zadə