Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.
Lider “Qarabağ” növbəti qələbəsini qazanıb, “Sabah” məğlub olub. “Şamaxı” və “Sumqayıt” isə üç xal qazanaraq, autsayder zonasından uzaqlaşıb. “Neftçi” – “Turan Tovuz” oyununda isə qalib müəyyənləşməyib.
Araz-Naxçıvan – Qarabağ 1:3
Turun açılış oyunu nəticədən çox ikinci hissədə futbolçular arasındakı mübahisə ilə daha çox yadda qaldı. Baş hakim Kamal Umudlunun vermədiyi vərəqələr narazılıq yaratdı. Oyuna gəlincə isə, “Araz-Naxçıvan” ilk hissədə daha istəkli göründü, hesabı açdı. Lakin “Qarabağ”ın reaksiyası gecikmədi və “atlılar” keyfiyyət və təcrübə hesabında qollar vuraraq, turu üç xalla başa vurdu. “Qarabağ” ikinci pillədəki “Zirə”ni 12 xal qabaqlayır və bundan sonra “atlılar”ın mövqeyini əldən verməsi inandırıcı görünmür.
“Araz-Naxçıvan” isə indilik mövqeyini qoruyur. 4-cü pillədəki “Turan Tovuz” 3 xal geridədir qarşıdakı turlarda da avrokubok zonasında ciddi mübarizə davam edəcək.
Şamaxı – Sabah 1:0
“Şamaxı” qələbə sayəsində autsayder zonasından uzaqlaşdı. Sonuncu “Səbail”i 7 xal qabaqlayan “şirlər” elitada qalmaq yolunda vacib addım atdı. Azarkeşləri önündə üstün oyunla layiqli qələbə qazanan “Şamaxı” ardıcıl ikinci oyunda üç xal əldə etdi.
“Sabah” isə gözləntilərin altında qaldı. Şamaxı səfərində hücum qurmaqda çətinlik çəkən və inamsız görünən “bayquşlar”ın oyun planı hələ bəlli deyil. Vasili Berezutskinin hansı sistemlə, hansı taktika ilə oynadığı qeyri-müəyyəndir. Bu tura qədər də qazanılan xallarda mütəxəssisin hansısa payı ciddi hiss olunmur. Gedişat Berezutski üçün yaxşı görünmür. Kubokda yarımfinalda “Neftçi” ilə duellər olacaq, burda da nəticələr uğursuz olsa, rusiyalı böyük ehtimalla növbəti mövsümü Bakıda keçirməyəcək.
Zirə – Səbail 1:0
“Zirə” Premyer Liqada növbəti qələbəsini qazandı. İkinci pillədə qərarlaşan “qartallar” ən yaxın izləyicisi “Araz-Naxçıvan”ı 5 xal qabaqlayır. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv autsayderlə görüşdə üstün futbol sərgiləsə də, rəqib qapıçı Hüseynəli Quliyev oyunun sonlarına qədər “çərçivə”də inamlı idi. Buna baxmayaraq, meydan sahibləri son saniyədə standart vəziyyətdən vurulan qolla aktivinə üç xal yazdırdı.
“Səbail” isə enişdə davam edir. Komanda 9-cu sıradakı “Kəpəz”dən 4 xal geridir. Hələ heç nə bitməyib, lakin qarşıdakı turları komanda təzyiq altında keçirəcək. Bunun “dənizçilər”ə necə təsir edəcəyi oyunlarda daha aydın olacaq.
Sumqayıt – Kəpəz 3:0
“Sumqayıt” çempionatda 9 oyundan sonra qol vurdu, həm də qələbə qazandı. Vaqif Cavadovun yetirmələri layiqli oyunlar qolsuzluq seriyasını bitirdi. Eyni zamanda autsayder “Səbail”lə fərqi 7-yə yüksəldən “kimyaçılar” bundan sonra nisbətən daha rahat oynayacaq. “Kəpəz” isə son turların ən zəif performansını sərgilədi. İlk hissədə üstün olan, lakin fasilədən sonra geri çəkilən, müdafiədə boşluqlar verən gəncəlilər daha iki qol buraxaraq, məğlub oldu.
Neftçi – Turan Tovuz 1:1
Turun ən dramatik görüşü “Neftçi Arena”da baş tutdu. İlk hissədə qonaqların qırmızı vərəqə almasından sonra təzyiqini artıran “Neftçi” topa daha çox sahib olmaqla qol imkanları yaratmağa çalışırdı. Ancaq Kurban Berdıyevin müdafiə sistemi özünü doğruldur, “ağ-qaralar”a təhlükəli epizod verilmirdi. oyunun sonlarına yaxın təzyiqini daha da artıran “Neftçi” Bassala Sambunun başla qolundan sonra önə keçdi. Qoldan sonra erkən qələbəyə sevinən paytaxt klubu son saniyələrdə standart vəziyyətdən buraxdığı qolla bir xal əldə etdi.
“Turan Tovuz” oyunun sonlarına yaxın qol buraxması və azlıqda oynamasına baxmayaraq, xarakter nümayiş etdirdi. Tovuzlular matçın son saniyələrində standart vəziyyətdən fərqləndi. Bir xalı qazanmaqla üçüncü pillədəki “Araz-Naxçıvan”la fərqi 3-ə endirən tovuzlular avrokubok mübarizəsində qalmaqdadır və şanslar davam edir. Bəlkə də, mövsümün sonunda son saniyələrdə qazanılan xallar mühüm rol oynayacaq.
Şahin Cəfərov