Ukrayna prezidenti Vladimir Zelenski “Şevçenko” mükafatı laureatlarının mükafatlandırılması mərasimində iştirak edib.
Herbiand.az bildirir ki, dövlət başçısı çıxış edərək mükafatın qaliblərini təbrik edib. O, mühüm tədbirə müharibə başlayandan sonra geyindiyi adi geyimdə gəlib və bununla bağlı zarafat edib.
Artıq 3 ildən çoxdur ki, dövlət başçısı kostyum geyinməkdən imtina edir və Ukraynaya sülh gəlməyincə bunu etməyəcəyini bildirir. Rəsmi görüşlərdə Zelenskinin geyimi ilə bağlı Qərb siyasətçiləri və jurnalistlərin tənqidi fonunda o, xarici görünüşü ilə bağlı zarafat edib.
Xatırladaq ki, 28 fevral 2025-ci ildə Zelenski Ağ Evdə ABŞ prezidenti Donald Trampla danışıqlar aparıb. Danışıqlar zamanı Ukrayna müharibəsi və hərbi yardımın göstərilməsi ilə bağlı mühüm məsələlərlə yanaşı, ukraynalı siyasətçinin görüşə niyə kostyumda gəlmədiyi sualı da gündəmə gəlib. Əcnəbilər, xüsusən də amerikalı jurnalist Brayan Qlenn buna çox əhəmiyyət verib və hətta buna görə Zelenskini qınayıb. Jurnalist Ukrayna prezidentinin niyə kostyum geyinmədiyini soruşduqda, Zelenski belə cavab verib: “Bizdə müharibə yekunlaşanda mən onu geyinəcəm. Bəlkə də sizinki kimi. Bəlkə daha yaxşı. Bəlkə daha ucuz. Baxarıq!”.
Ukrayna prezidenti “Şevçenko” mükafatında bu anı xatırlamaq qərarına gəlib. O, çıxışı zamanı deyib: “Bir daha hazırkı qalibləri təbrik edirəm və bütün ukraynalı yaradıcılara bir daha çox təşəkkür edirəm! Bağışlayın ki, kostyumda deyiləm. Ukraynaya şöhrət!”.
Zalda olanlar Zelenskinin zarafatını başa düşüb və yüksək qiymətləndiriblər. Hərbçilər və digər tamaşaçılar onu gur alqışlarla dəstəkləyiblər.
Bəxtiyar CƏFƏRLİ