Təşkilatlar və onların nümayəndələri "ASAN müraciət" vasitəsilə daxil olan müraciətlərə həssaslıqla yanaşmalı, ümumiyyətlə, vətəndaşın sualı cavabsız qalmamalıdır.
"Report" xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev "ASAN müraciət” İnformasiya Sisteminin 2024-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, vətəndaş xidmət almasa belə, onun problemi ilə yaxından maraqlanılmalıdır: "Vətəndaşla ünsiyyət forması, onun müraciətini ətraflı dinləmək önəm verdiyimiz ən vacib məqamlardan biridir".
Ü.Mehdiyev "ASAN müraciət” İnformasiya Sisteminin hansı funksiyaları yerinə yetirdiyi barədə də məlumat verib:
"Sistem və onun mobil tətbiqinin əsas funksionallığı ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin müraciətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin etməkdir".