AFFA Lənkəranda 14 yaşadək qızlar arasında yarış keçirməyi planlaşdırıb.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, martın 15-16-da Lənkəran Olimpiya İdman Kompleksində "Qızlar Futzal Kuboku" adlı layihə gerçəkləşəcək.

Turnirin ilk günündə 8 məktəbin iştirakı ilə qrup oyunları olacaq. Növbəti gün isə pley-off qarşılaşmaları keiriləcək, qaliblər müəyyənləşəcək. İştirakçı komandalar idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Yarışın son günü qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.

UEFA-nın dəstəyi ilə təşkil olunan "Qızlar Futzal Kuboku"nun Lənkərandan başqa, daha 3 regionda keçirilməsi gözlənilir. Layihənin əsas məqsədi orta məkəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunmasıdır. Eyni zamnda bu yarışların sayəsində AFFA U-15 Qızlar Lıqasına və milli komandalara futbolçuların hazırlanması məqsədi güdülür.

Xatırladaq ki, martın 15-16-da Lənkəran Olimpiya İdman Kompleksində daha bir yarış isə 12 yaşlı qızlar arasında olacaq. "Bahar turniri" adlı turnirdə də əsas məqsədlər çempionat və yığmalarla bağlıdır.