AZ

“Deportasiyaya uğrayan irsin izi ilə” elmi-praktik konfrans » AzadMedia.az



“Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz (III cild)” kitabının təqdimatı

“Zəngəzur, Göyçə, İrəvan və digər vətən torpaqlarının geri qaytarılması bizim milli ideologiyamızın əsasını təşkil etməlidir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki proqram mahiyyətindəki çıxışı elm adamları və tədqiqat mərkəzlərinə ünvanlanmış tapşırıq idi. Hörmətli Prezidentimizin qarşıya qoyduğu yeni milli hədəfi həyata keçirmək istiqamətində fəaliyyətə cəmiyyətin bütün təbəqələrinin qoşulması nəticəsində Qərbi Azərbaycan məsələsinin siyasi, elmi, tarixi və strateji baxımdan tədqiq və təbliği ümummilli məsələyə çevrildi.
Cənab Prezidentin nitqində səsləndirdiyi strateji xətti əsas götürərək, Qərbi Azərbaycana qayıdışının ideoloji-siyasi konsepsiyasını və elmi əsaslarını formalaşdırmaq çağırışına cavab olaraq Sosial Tədqiqatlar Mərkəzi Qərbi Azərbaycanın maddi-mədəni irsinin elmi və tarixi baxımdan tədqiq edilməsi istiqamətində tədqiqata başladı. Mərkəz tərəfindən dərin və gərgin tədqiqatların nəticəsi kimi ərsəyə gətirilən “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz (I cild)” əsəri 4 iyul 2022-ci ildə, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” (II cild) kitabı 6 noyabr 2023-cü ildə Azərbaycan ictimaiyyətinə təqdim edilmişdir. Bu istiqamətdəki fəaliyyətin nəticəsi və həmin institusional əsərlərin davamı olaraq Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı III cild bu gün tədim edilir.
Təqdimatı keçirilən “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı elmi-tədqiqat əsərində İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarını tərk etməyə məcbur edilmiş, hazırda Azərbaycanın indiki ərazisində yaşayan azərbaycanlıların tarixi və maddi-mədəni irsi araşdırılıb. Digər iki cilddə olduğu kimi, Türkiyə, Rusiya, Gürcüstan, İran və Avropa ölkələrindəki dövlət və şəxsi arxivlərdən toplanan mənbələr əsasında hazırlanan “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı elmi-tədqiqat əsəri təkcə indiki Ermənistanda azərbaycanlılara məxsus irsin məhv edilməsinin miqyasını, statistikasını göstərməyə hesablanmamış, həm də abidələrin daşıdığı yaddaşı, əfsanələri, inanc və hekayələri, onların pasportunu ortaya çıxarmağa, milli tariximizin yaddaşını yenidən bərpa etməyə cəhd edilmişdir.
Onu da xatırlatmaq yerinə düşər ki, Mərkəzin əməkdaşı Əfqan Vəliyevin müəllifliyində 2022-ci ildə Sosial Tədqiqatlar Mərkəzinin layihəsi kimi ictimaiyyətə təqdim edilən “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” adlı kitabın I cildində Qərbi Azərbaycandakı maddi-mədəni irsinin mühüm bir hissəsi olan 244 abidə öz əksini tapıb. 2023-cü ildə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Ə.Vəliyevin müəllifliyində ərsəyə gətirilən “Qərbi Azərbaycana Qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” adlı kitabın II cildində Qərbi Azərbaycan torpaqlarında azərbaycanlıların maddi-mədəni irsinin dəyərli nümunələri olan 144 müxtəlif mənşəli abidəyə yer verilib. Bu elmi tədqiqatın davamı olan və yenə də Mərkəzin əməkdaşı Ə.Vəliyevin müəllifliyində hazırlanan “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlanan III cilddə də Qərbi Azərbaycanla bağlı daha 144 maddi-mədəni irs nümunəsi tədqiq olunub. Hər üç elmi tədqiqat əsərində həmin abidələrin tarixi hərtərəfli araşdırılıb və düzgün elmi təsnifata uyğun olaraq onların reyestri verilib. Beləliklə, Sosial Tədqiqatlar Mərkəzi Əfqan Vəliyevin müəllifliyində çətin və məsuliyyətli tapşırığın öhdəsindən uğurla qələrək, Qərbi Azərbaycan maddi-mədəni irsinə aid 532 abidəni tədqiq etməyə nail olub.
“Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlanan III cilddə ilk dəfə 20 kateqoriya üzrə Qərbi Azərbaycanda azərbaycanlılara məxsus olan 21 pir, ocaq və ziyarətgah, 6 məscid, 12 qəbirüstü abidə, 7 qəbirüstü sənduqə abidə, 21 məbəd, 16 qala, 5 karvansara, 4 türbə, 2 günbəz, 2 sərdabə, 3 etnoqrafık-arxeoloji abidə, 10 qəbirüstü heykəl, 4 arxeoloji abidə, 2 körpü, 5 daşüstü kitabə, 2 mədrəsə, 2 dini məktəb, 2 məhəllə, 14 qayaüstü təsvir və qədim yaşayış məskənləri və 4 bazilikanı əhatə edən 144 dəyərli və mühüm abidə haqqında dolğun və ətraflı məlumat verilib. Bunlardan 32 abidə dağıdılıb, 42 abidə xaraba qalıb, 70 abidə isə mənimsənilib.
144 abidənin tədqiq edilərək, müvafiq xüsusiyyətlərinə əsasən, təsnif olunduğu tədqiqat işində öz əksini tapan maddi-mədəni abidələrin hər birinin adı, tarixi, yerləşmə yeri (əvvəlki toponim, sonrakı toponim), təsnifatı, növü, təyinatı, əhəmiyyəti, mövcud vəziyyəti haqda informasiya əldə etmək və hər abidə haqqında qısa məlumatlarla tanış olmaq mümkündür. Olduqca mühüm tarixi, milli və mənəvi əhəmiyyət kəsb edən tədqiqatın nəticəsi olan bu kitab indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və Yer üzündən silinməsi prosesinin bugünkü cari vəziyyəti haqqında təsəvvür yaratmağa imkan verir.
Əminliklə demək olar ki, Qərbi Azərbaycanın maddi-mədəni irsinin elmi və tarixi baxımdan tədqiq olunması və təbliğ edilməsi tarixşünaslığımızda çoxdan bəri kök salmış böyük bir boşluğu doldurmağa, milli yaddaşımızın bütövləşməsinə imkan yaradacaq, Vətən müharibəsindəki tarixi qələbə ilə ruhu oyanmış bugünkü və gələcək nəsillərin yaddaş bütövlüyü Qərbi Azərbaycana qayıdış yolunda maneələri aradan qaldıracaq. Digər iki cilddə olduğu kimi, “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlanan III cildin də maddi-mədəni irs nümunələrini bir araya gətirməklə, ümumxalq ensiklopediyası kimi cəmiyyətimiz üçün də faydalı olacağına şübhə yoxdur.

Seçilən
20
1
azadmedia.az

2Mənbələr