AZ

Ukrayna və ABŞ nümayəndə heyətlərinin Ciddədə görüşü başlayıb

BAKI,TurkicWorld

Ukrayna və ABŞ nümayəndə heyətləri Rusiya ilə Ukrayna arasında davam edən müharibənin sona çatdırılması üçün atıla biləcək addımları müzakirə etmək məqsədilə bir araya gəliblər

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilir və hazırda müzakirələrə başlanıldığı qeyd olunur.

Eyni zamanda, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak özünün sosial media hesabında görüşlə bağlı açıqlama verib.

O, ABŞ nümayəndə heyəti ilə əməkdaşlıq üçün bütün zəruri hazırlıqların görüldüyünü bildirib və bu əməkdaşlığın hər iki tərəf üçün faydalı nəticələr verəcəyinə inandığını vurğulayıb.

"Ukrayna maraqlarının qorunması bizim üçün ən vacib məsələdir və müharibənin sona çatdırılması ilə bağlı konkret və aydın mövqeyimiz mövcuddur. Bu istiqamətdə amerikalı tərəfdaşlarımızla birlikdə effektiv fəaliyyət göstərəcəyik"- deyə Yermak qeyd edib.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl verdiyi açıqlamada Ukraynanı bu mühüm görüşdə Prezident Ofisinin rəhbəri Andrey Yermak, Xarici İşlər naziri Andriy Sibixa, Müdafiə naziri Rüstəm Umerov və Prezident Ofisinin rəhbərinin müavini Pavel Palisin təmsil edəcəyini vurğulamışdı.

Hazırda görüşün gündəliyində müharibənin dayandırılması, diplomatik həll yollarının tapılması, humanitar məsələlər və təhlükəsizliklə bağlı mövzuların müzakirəsinin nəzərdə tutulduğu qeyd edilir. Toplantının nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi gözlənilir.

Seçilən
10
50
turkic.world

10Mənbələr