AZ

Bu gün Litva xalqı dövlət müstəqilliyinin bərpası gününü qeyd edir

Yazını böyüt
Yazını kiçilt

Martın 11-i Litvanın müstəqilliyini bərpa etdiyi tarix kimi yaddaşlarda yaşamaqdadır.

Hafta.az-ın yazdığına görə, Litva əhalisinin azadlıq coşqusu 35 il öncə - 1990-cı il martın 11-də Vilnüsün SSRİ-dən ayrılaraq öz müstəqiliyinin bərpa etməsi haqqında qərar qəbul etməsi ilə nəticələnib - Litvanın Ali Şurası 16 fevral Müstəqillik Aktına əsaslanan Litva Dövlətinin müstəqilliyini qanuni olaraq bərpa edən Aktı qəbul edib. Elə həmin gün Ltvanın müstəqilliyinin bərpası xəbəri bütün dünyaya yayılıb. O vaxtlar artıq çökməkdə olan Sovet rejimi Litva xalqına qarşı sərt tədbirlər görsə də, heç bir nəticəsi olmadı və xalq azadlıq yolundan nəinki dönmədi, əksinə, dünya miqyasında tanınma səylərini artırdı, müstəqilliyini hər vasitə ilə möhkəmləndirmək əzmini davam etdirdi.

Bu gün Litvanın nailiyyətləri dünya miqyasında qeyd olunur və hər bir litvalı bu böyük cəsarət və inadkarlığın nəticəsi ilə fəxr edir, qürur duyur. Son onilliklər ərzində Litvada bütün həyatı kökündən dəyişdirən çox böyük iqtisadi və sosial inkişaflar baş verib. Məhz müstəqilliyin bərpasından sonra doğulub böyüyən Litva vətəndaşlarının gənc nəsli yeni uğur hekayələri yaratmaqdadır.

Qeyd edək ki, bu gün Litvada 11 Mart günü ilə bağlı bir sıra tədbirlər planlaşdırır. İlk tədbir səhər saatlarında paytaxt Vilnüsdəki Müstəqillik Meydanında 1990-cı il martın 11-nə həsr olunmuş Ziniya abidəsi önünə gül qoyma mərasimi ilə başlayıb. Daha sonra Seymin 1-ci binasında - 11 Mart Akt Zalında Litvanın Müstəqilliyinin bərpasının 35-ci ildönümünə həsr olunmuş anım mərasimi və Milli Müstəqillik Qrantının təltifetmə mərasimi keçirilib.

Yerli vaxtla saat 12-də Müstəqillik Meydanında təntənəli mərasimlə üç Baltikyanı dövlətin bayraqları qaldırılıb, tədbirin ardınca Litva Silahlı Qüvvələrinin Fəxri Qarovul dəstəsinin və üç Baltikyanı dövlətin silahlı qüvvələri orkestrlərinin ifasında marş çalınıb, Litva və Ukraynanın metrlər uzunluğunda bayraqları daşıyan iştirakçıların “Müstəqilliyin bərpası Yolu” yürüşü keçirilib.

Müstəqilliyinin Bərpasının 35-ci ildönümünə həsr olunmuş bayram tədbirləri axşam saatlarında Vilnüsdəki Katedral Meydanında baş tutacaq "Yalnız azadlıqda biz böyük və güclü ola bilərik" şüarı altında konsertlə yekunlaşacaq.

P.S. Hafta.az saytının kollektivi olaraq Litva xalqını və bu ölkənin Azərbaycandakı Səfirliyinin diplomatlarını təbrik edir, sülh və rifah arzulayırıq.

Seçilən
15
hafta.az

1Mənbələr