“Kəpəz”in mərkəz hücumçusu Şervoni Mabatşoev qarşıdakı iki oyun üçün futbol üzrə Tacikistan milli komandasına çağırılıb.
Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Tacikistan milli komandası əvvəlcə martın 20-də Belarus yığması ilə yoxlama matçı keçirəcək. Bundan 5 gün sonra isə sözügedən komandanı Asiya Kuboku-2027-nin seçmə mərhələsi çərçivəsində Timor-Leste ilə qarşılaşma gözləyir.
Hər iki görüş Düşənbə şəhərində baş tutacaq.
Xatırladaq ki, “Kəpəz” Şervoni Mabatşoevi bu ilin yanvar ayında azad agent kimi heyətinə qatıb. 24 yaşlı futbolçu ilə 6 ay + 1 il müddətinə müqavilə imzalanıb. Hücumçu Gəncə klubunun heyətində artıq 8 oyuna çıxıb, 1 qol vurub.
Karyerasında ilk dəfə legioner həyatı yaşayan Şervoni Mabatşoev buna qədər vətənində çıxış edib. Peşəkar karyerasına “Barkçi”də başlamış hücumçu daha sonra Düşənbənin ÇSKA klubunda çıxış edib. Onun son klubu “İstiklol” olub. Şervoni 2021-ci ilin iyul ayından formasını geyindiyi bu klubun heyətində 95 oyuna çıxıb, 29 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.
Tacikistanın U-19 və U-23 yığmalarında da oynamış Mabatşoev 2021-ci ilin noyabr ayında əsas millidə debüt edib. O, yığmanın heyətində 26 oyuna çıxıb, 6 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.