"Sosial Tədqiqatlar Mərkəzi növbəti dəfə həm elmi ictimaiyyətə, həm də dövlət və siyasət adamlarına qiymətli əsərlər təqdim edir. Bu dəfə təqdim edilən əsər, xalqımızın maddi-mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində mühüm bir addımdır".
QHT.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irs” kitabının üçüncü cildinin təqdimat mərasimində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, xalqın maddi-mədəni irsini qorumaq, Vətəni əbədiləşdirmək deməkdir:
"Hər bir abidə, sərvət və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi, millətimizin kökünü qorumağa xidmət edir. Qərbi Azərbaycanda itirilmiş torpaqlarda abidələrin texniki şərtlərinin yaradılması, kimlik pasportlarının və sahiblik reyestrlərinin hazırlanması ilə, Azərbaycan xalqı öz torpaqlarına və əcdadlarının mirasına sahib çıxır. Bu prosesin nəticəsi olaraq, xalqın göz, söz və daş yaddaşının vəhdəti meydana gəlir. Mərkəzin sektor müdiri, alim Əfqan Vəliyevin müəllifliyində hazırlanmış "Qayıdış: Qərbi Azərbaycandakı Maddi-Mədəni İrsimiz" adlı III cild, 144 dəyərli maddi-mədəni irs nümunəsinin tədqiqinə vəsiqə verir. Kitabın üz qabığında, Murov, Alagöz və Ağrı dağına sülhlə dönüş əks olunub. Bu şəkil bir-birinə qovuşan xalqımızın çoxəsrlik yurd sevgisi və həsrətini simvollaşdırır. "Qayıdış ensiklopediyası" seriyasının müəllifi Əfqan Vəliyev 532 abidəni tədqiq edərək, qərbi azərbaycanlılara məxsus 21 pir, ocaq və ziyarətgah, 6 məscid, 21 məbəd, 16 qala, 5 karvansara, 4 türbə, 2 günbəz və digər abidələr haqqında dolğun və ətraflı məlumat verib. Bu əsərlər, həmçinin 20 kateqoriya üzrə təqdim edilmişdir".
Sosial Tədqiqatlar Mərkəzi təqdim edilən irs nümunələrinin Mədəniyyət Nazirliyi tərəfindən vahid milli fonda daxil ediləcəyinə ümid edir. Zahid Oruc bir daha vurğulayıb ki, Qərbi Azərbaycanın sərvətləri bütövlükdə millətə məxsusdur:
"Ona görə də tarixi torpaqlara qayıdış təkcə bir bölgə əhalisinə aid ola bilməz. Qarabağ ümummili səfərbərlik idealı olduğu kimi, tarixi torpaqlara dinc, sülhpərvər və qanuni dönüş də xalqımızı bütövləşdirməyə, vahidliyini qorumağa xidmət edir".
Pərvanə Fərhadqızı