AZ

Suriyadan birdən-birə yayılan o görüntülər – Ankara kimin damarına basıb?

Son günlərdə Suriyanın şimal-qərb bölgəsində Tartus və Lazkiyada dinc insanlara qarşı törədilən qətliamların mahiyyəti və kimlər tərəfindən həyata keçirildiyi getdikcə aydınlaşmağa başlayır. Suriyada vəziyyəti yenidən böhrana sürüklənməsinin səbəblərində biri Ankaranın 40 ildən artıq PKK terroruna qarşı mübarizədə siyasi qələbəsidir. Abdulla Öcalanın PKK-lıların silahı yerə qoyması çağırışı Ankaranın təkcə ölkə daxilində deyil, o cümlədən regional və beynəlxalq miqyasda çox ciddi siyasi uğuru idi. Çünki xarici güclər PKK-dan istifadə etməklə Türkiyədə və Yaxın Şərqdə öz planlarını həyata keçirməyə çalışırdılar. 

Ankaranın bu qələbəsi Türkiyə ilə yanaşı Suriya və İraqda da PKK/YPG tərksilah edilməsi ilə Yaxın Şərqdə sabitliyin, yeni əməkdaşlıq formatlarının yaranmasına xidmət edir. Ankaranın bununla da Yaxın Şərqdə mövcud geosiyasi prosesləri öz xeyrinə dəyişərək yeni geostrateji oyun qaydalarını müəyyənləşdirməsi, təbii ki, bir çox qüvvələri narahat etməyə bilməzdi. Xüsusən də Ankaranın Suriya böhranının həllində oynadığı rol və bu səbəbdən də Türkiyənin artan rolundan narahat olan güclər təxribatlar törətməklə bölgəni yenidən xaosa sürükləmək niyyətindədirlər. Suriyanın Tartus və Lazkiya bölgəsində baş verən hadisələr də buna xidmət edirdi. 

PKK lideri Abdullah Öcalanın “silahları buraxın” çağırışı Suriyada YPG/SDG-nin gələcək fəaliyyətinə öz təsirini göstərdi. Ankaranın israrından sonra YPG/SDG gücləri məcburiyyət qarşısında qalaraq martın 10-da Suriyanın yeni rəhbəri Əhməd əl-Şara ilə SDG-nin təmsilçisi Mollaam Abdini arasında siyasi təmsilçilik, kürd icmasının statusu, atəşkəs və hərbi inteqrasiyanı əhatə edən hərtərəfli razılığı nəzərdə tutan 8 bəndlik anlaşma sənədi imzalandı. Əldə edilən razılaşmaya uyğun olaraq, YPG bundan sonra rəsmi olaraq Suriyanın dövlət qurumlarına inteqrasiya olunacaq. 

Suriyanın mövcud hakimiyyəti ilə YPG/SDG arasında imzalanan bu anlaşmanı Suriyanın unitarlığının qoruması istiqamətində atılan ən ciddi addım hesab etmək olar. Çünki YPG/SDG Suriyanın 30 faizinədək əraziyə nəzarət etməklə yanaşı, çoxsaylı hərbi gücə və xarici dəstəyə malik idi. Əgər YPG/SDG Dəməşqin yeni hakimiyyəti ilə belə bir anlaşmaya getməsəydi, o zaman Suriyanın gələcək taleyinin müəyyən edilməsi çox çətin və mürəkkəb proseslərdən keçəcəkdi. 

Belə bir anlaşmanın əldə edilməsini həm də Ankaranın beynəlxalq miqyasda ən mürəkkəb böhranın həll olunması, həmçinin sülhyaratma və sabitliyin yaradılması istiqamətində böyük uğurudur. Bu, Ankaranın qlobal səviyyədə ciddi aktor kimi qəbul edilməsinə xidmət edir. Nə qədər çətin olsa da, belə addımlar Türkiyə üçün qlobal geosiyasi proseslərdə yeni imkanlar və fürsətlər yaradır.  

Təbii ki, Dəməşqlə SDG arasında Suriyada sabitliyin əldə edilməsi istiqamətində danışıqların getməsindən maraqlı olmayan xarici aktorlarla yanaşı, daxildəkı bəzi güclər də xəbərdar olub. Həmin güclər belə bir anlaşmanın qarşısını almaq üçün Tartus və Lazkiyada dinc insanlara qarşı təxribat törətməklə bunun qarşısını almaq cəhdidir. Düzdür, onlar hədəfinə nail ola bilməsələr də, gələcəkdə digər formada   addımlar atacaqları qaçılmazdır.

Suriyanın bütövlüyünün qorunması və sabitliyin yaranması istiqamətində uğurlu addımların atılması ilk növbədə İsrail və İranın maraqlarına cavab vermir. 

İsrailin xarici işlər naziri Gideon Saar Suriya ilə bağlı açıqlamasında baş verən son hadisələrdən narahat olduğunu dilə gətirərək deyib ki, Suriyada minlərlə HƏMAS və “İslami Cihad” üzvünün olduğunu və onların İsrailə qarşı yeni bir cəbhə yaratmaq istədiyini iddia edib. O eyni zamanda Suriyanın yeni hökumətinin lideri Əhməd əl-Şaranı da hədəf alaraq deyib ki, onun kostyum geyinməsinin mənası yoxdur və hələ də ifrat fikirləri müdafiə edir. Suriyanın YPG/SDG ilə anlaşmasına da xoş baxmadığını və bu anlaşmanı kürd muxtariyyət idarəsini aradan qaldırmaq kimi dəyərləndirib. İsrailli nazir beynəlxalq ictimaiyyəti Suriyada yeni administrasiyaya legitimliyini tanımamağa çağırıb.

İsrail ordusunun Suriya ərazisinə hədəfli hücumlarının təhlükəsizlik səbəbilə olduğunu müdafiə edən Saar deyib ki, İsrail sərhədində təhlükəsizlik təhdidinin yaranmasına icazə verməyəcək və bunun qarşısını almaq üçün bütün tədbirləri görəcək. 

İsrail hökumətinin sözçüsü David Mencer keçirdiyi mətbuat konfransında Suriyanın cənubunda hərbi birləşməyə icazə verməyəcəklərini bildirib.

İsrailin Suriyadakı Dürzi icmasını daha əvvəl olduğu kimi öz tərəfinə çəkmək üçün səylərini dilə gətirən Mencer deyib ki, zərurət yarandığı zaman Dürzi əhalisini yeni idarəyə qarşı müdafiə etməyə hazır olduğunu və Dürzi icmasına zərər verilməsinə icazə verməyəcəklər.

Digər tərəfdən İsrail hökuməti beynəlxalq hüquqa görə Suriya ərazisi olan Qolan təpələrindəki druz və çərkəz icmaları üçün 1 milyard dollardan çox dəyərində beş illik investisiya paketi elan edib.

Bütün bunlar o deməkdir ki, İsrailin əsas hədəfi heç də Suriyada sabitliyin yaranması deyil, əksinə, böhranı daha da dərinləşdirib Suriyanın parçalanmasına yol açmaqla prosesləri öz maraqlarının təmin olunması istiqamətinə yönəltməkdir. 

Siyasətdə belə bir deyim var: “Düşmənimin düşməni dostumdur”. Bu baxımdan Tehranın da Suriya ilə bağlı öz planları olsa da, xaosun və böhranın daha da dərinləşməsi məsələsindəki maraqları İsraillə üst-üstə düşür. Bu iki ölkə anlaşma şəraitində fəaliyyətlərini koordinasiya etməsələr də, nəticə etibarilə hərəkətləri bir-birini tamamlayır. İstər Suriya, istərsə də Türkiyədəki ələvi və nusayrilərin Türkiyəyə qarşı qaldırılaraq etiraz aksiyalarının keçirilməsi bunun bariz nümunəsidir. 

İsrail, İranla yanaşı, digər güclər də Ankaranın üzləşdiyi ən mürəkkəb məsələləri nəinki uğurla həll edərək Yaxın Şərqdə və bütövlükdə dünyada artan rolunu təmin etməsindən ciddi əndişə keçirməkdədirlər. 

Təbii ki, Ankara və Dəməşqin yeni administrasiyası da bunun fərqindədir. Məhz Ankaranın səyi nəticəsində Suriyadakı təxribatın qarşısı qısa zamanda alındı, lakin belə halların gələcəkdə baş verəcəyi gözləniləndir və buna hazır olmaq lazımdır.

Mürtəza
Ölkə.Az

Seçilən
6
olke.az

1Mənbələr