AZ

Onu “Qarabağ”la oyunlar üçün transfer ediblər? - Deyir, sevirəm!

“Araz-Naxçıvan”ın legioneri Karlos Jatoba Sportinfo.az-a müsahibə verib.

Yeddi aylıq fasilədən sonra ilk dəfə start heyətində yer alan braziliyalı yarımmüdafiəçi qalmaqallı “Qarabağ” matçı (1:3) haqda sualları cavablandırıb.

- 90 dəqiqəni necə təsvir edə bilərsən?

- Ağır zədədən sonra ilk dəfə “11-lik”də yer alırdım. Bu oyunun mənim üçün əhəmiyyəti çox böyük idi. Karyeramda ilk dəfə bu qədər fasilə yaranırdı. Ona görə də müəyyən çatlışmazlıqlar oldu. İstənilən halda əlimdən gələni etməyə çalışdım. Hər şey əla idi, sadəcə, meydanı xalsız tərk etməyimizə üzüldüm. Halbuki, azı 1 xal qopara bilərdik.

- Mövsümün açılış oyununda “Qarabağ”a qarşı start heyətində yer almışdın. Ağır zədədən sonra yenə ilk dəfə “11-lik”də bu rəqibə qarşı oynadın. “Araz-Naxçıvan” səni “Qarabağ”la oyunlar üçün dəvət edib sanki.

- (gülür) Böyük oyunları sevirəm. Ancaq belə olması sırf təsadüflə bağlıdır. Bilirəm ki, meydanda daha çox qala bilərəm. Ancaq qərarı baş məşqçi verir və mən onun hər bir qərarını dəstəkləyirəm. Nə vaxt ehtiyac duyursa, əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. “Qarabağ”a qarşı oynamaq zövq verir, ancaq digər matçlarda da eyni həyəcanı yaşamaq xoş olur.

- “Qarabağ”la qarşılaşmada əsas heyətin beş üzvü iştirak etmirdi. İtkilər komandanın çıxışına nə dərəcədə təsir etdi?

- Əlbəttə, müəyyən mənada təsiri oldu. Çünki hər biri güclü futbolçudur, daim birlikdə çıxış edirlər. Bu yerdə futbolun amansız tərəfini də göz önünə almalıyıq. Bəzən hər şey xeyrinə işləyir, bəzən əksinə olur. Bütün hallara hazır olmalıyıq. Fikrimcə, komandada yer alan hər bir futbolçu digərini əvəz etməyə qadirdir.

- Felipe Santos azı iki oyunluq cəzalanacaq, Ramon Maçado isə zədədən əziyyət çəkir. “Şamaxı” və “Neftçi” ilə görüşlərdə onlarsız nə edəcəksiniz?

- Hər ikisi vacib oyunçudur. Yenə də bayaqkı fikrimə gəlirəm. Yaxşı komandamız var və bütün hallara hazır olmalıyıq. Məni ən çox sevindirən “Araz-Naxçıvan”da olan xarakterdir. Ailə, komanda şəklində canımızı qoyuruq. Xallarımızın sayını artırmaq üçün əlimizdən gələni edəcəyik.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
23
sportinfo.az

1Mənbələr