AZ

İnsanlar göbələk alarkən nəyə diqqət etməlidir? - EKSPERTLƏR AÇIQLADI

Dünyada minlərlə növü olan göbələklər xlorofilsiz, heterotrof orqanizmlər olub, quruluşuna, ölçüsünə, yaşadığı şəraitə görə fərqlənir. Göbələyə hər yerdə - suda, torpaqda, yemlərin və qidaların tərkibində, ölü üzvi toxumalarda və s. rast gəlmək mümkündür. Qeyd edək ki, bəzi göbələklər mikotoksinlər adlanan zəhərli birləşmələr sintez edir. Bəs insanlar yeməklərində istifadə etmək üçün alınan göbələklərdə nəyə diqqət etməlidirlər? Göbələyin zərərli və xeyirli tərəfləri hansılardır. Mövzu ilə bağlı SİA qida ekspertlərinin fikrlərini öyrənməyə çalışıb.

"Göbələk ən çox sevilən və eyni zamanda tələb olunan qidalar sırasında olsa da, hər zaman yüksək risk qrupuna aid qidalardandır". Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, göbələk alarkən mütləq etibarlı, mənşəyi bəlli olan yerdən almaq vacibdir və önəmli məsələlərdən biridir: "Çünki etibarlı, keyfiyyətinə əmin olan yerdə satılan göbələklər belə, bəzən doğru şəkildə saxlanılmadıqda, eyni zamanda doğru şəkildə bişirilmədikdə, bişirildikdən sonra saxlanıldıqda, qaydalara əməl olunmadıqda bir çox sağlamlıq problemlərinə gətirib çıxarda bilər. Hətta ciddi zəhərlənmələrlə ölümə də səbəb ola bilər. Ona görə birinci növbədə keyfiyyətli, mənşəyi bəlli olan yerdən göbələyi almaq lazımdır. Açıq şəkildə göbələk alınacaqsa və bəzən də bu göbələkləri toplayan hardan və hansı şəkildə topladıqları haqqında məlumat bilmirsinizsə, belə şübhəli hesab olunan göbələkləri almaqdan qaçmaq lazımdır. Xüsusilə mövsümə görə, meşədə və yaxud təbiətdə yeyilə bilən göbələklərə bənzədilən zəhərli göbələkləri də toplayırlar ki, bu da zəhərlənməyə gətirib çıarda bilər. Ona görə də bu məqamlara da diqqət etmək lazımdır. Bəzən olur ki, belə məhsulların satışını da həyata keçirirlər və nəticədə insan sağlamlığı təhlükə altında qalır. Son illərdə iqlim dəyişikliyi qlobal istiləşmənin də göbələklərə müəyyən təsiri olmuşdur. Ona görə də belə göbələklər bəzən növünə görə, insan orqanizminə zərər vura bilər. Bir çox hallarda da göbələklərin təhlükəli olub-olmamasını müəyyən etmək çox çətin olduğuna görə, göbələyin növünü bilmirsinizsə o zaman istifadə etməkdən qaçmaq lazımdır. Bu sahəni bilən, bu sahə ilə məşğul olan mütəxəssislərdən, peşəkarlardan dəstək alaraq həmin göbələkləri yığıb istifadə etmək olar. Hər bir halda əgər keyfiyyətli, mənşəyi bəlli olan göbələkləri qəbul edən insanlar arasında da, zəhərlənmələr baş verir ki, burada da onun tərkibindəki maddələrə görə, fərdi həssaslıq ola bilər ki, burada əgər keyfiyyətli olsa belə bir çox insanlarda göbələyə qarşı allergiya ola bilər".

Məsələ ilə bağlı Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev SİA-ya bildirib ki, göbələklər həm qida, həm də dərman kimi istifadə edilə bilir. Təəssüf ki, iqlim dəyişiklikləri və qlobal istiləşmə bəzi zəhərli göbələk növlərinin artmasına, onların toksiklik səviyyəsinin yüksəlməsinə və hətta yeni pathogen göbələk növlərinin yayılmasına səbəb olur. Bu baxımdan da istehlakçı olaraq göbələk alarkən və istehlak edərkən bir sıra vacib məqamlara diqqət yetirməliyik.

Onun sözlərinə görə, istehlakçı olaraq göbələkləri yalnız qablaşdırmalı şəkildə, üzərində etiket məumatları olduğu şəkildə satış məntəqələrindən, mağazalardan və ya bazarlardan almalıyıq. Küçə bazarlarında və ya fərdi satıcılardan alınan göbələklər təhlükəli ola bilər, çünki onların mənşəyi və keyfiyyəti bilinmir: “Göbələklər müxtəlifdir və bəzən zəhərli növlərlə yeyilə bilən növlər asanlıqla qarışdırıla bilir. Bu səbəbdən tanımadığımız, əmin olmadığımız göbələkləri almamalıyıq. Xüsusilə meşədən və ya çöldən yığılanlar xüsusi risk daşıyır. Təzə göbələklər canlı, elastik və quru olur. Əgər göbələk çox nəmli, yapışqan və ya selikli görünürsə, bu onun xarab olduğunu və zəhərlənmə riski daşıdığını göstərə bilər. Həmçinin qoxusuna diqqət yetirilməliyik. Kəskin, iyrənc və ya qeyri-adi qoxu onun xarab olmasının əlamətidir. Göbələklər tez xarab olan məhsul olduğu üçün soyuducuda, hava keçirməyən qabda saxlanılmalıdır. Göbələyin saxlanma müddətini keçmədiyinə əmin olmaq vacibdir. Çox uzun müddət saxlanılan göbələklərdə toksik maddələr yarana bilər. İqlim dəyişiklikləri göbələklərin artma şəraitini dəyişdirə bilir. Məsələn, bəzi zəhərli göbələk növləri əvvəllər böyümədikləri ərazilərdə yayıla bilər. Bundan əlavə istiləşmə və rütubətin artması bəzi patogen göbələklərin insanlarda yoluxucu xəstəliklər törətmə riskini artırır. Xüsusilə meşəlik ərazilərdən toplanmış göbələklərə qarşı daha ehtiyatlı yanaşmaq lazımdır. Bəzi insanlar göbələklərə qarşı həssas olur və onların istehlakçını allergik reaksiyalara, həzm problemlərinə və ya digər sağlamlıq problemlərinə gətirib çıxara bilir. Bəzi göbələklər isə çiy halda zəhərli ola bilər, lakin bişirildikdə toksikliyi azalır. Göbələklər yaxşı bişirilməli və tam termiki emaldan keçirilməlidir. Xüsusilə meşə göbələkləri çiy və ya az bişmiş halda yeyilməməlidir. Əgər yeyilən göbələklə bağlı hər hansı bir şübhə yaranarsa və ya göbələk istehlak etdikdən sonra halsızlıq, ürəkbulanma, qarın ağrısı və digər simptomlar baş verərsə, dərhal həkimə müraciət edilməlidir. Göbələk zəhərlənməsi sürətli və ciddi ola bilər. Buna görə də vaxtında tibbi yardım almaq həyati əhəmiyyət daşıyır”.

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
17
sia.az

1Mənbələr