AZ

“Böyüklər arasında keçirilən Avropa çempionatında iştirak edəcəm” - Güləşçi DANIŞDI

“Bu turnirdə qalib gəldiyim üçün özümdən razı qaldım”. Bunu SİA-ya Azərbaycan millisinin sərbəst güləşçisi Arseniy Djioyev (86 kq) deyib.

O, Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanmasına münasibət bildirib.

Djioyev bildirib ki, bu nəticə onu arxayınlaşdırmır: “Bununla dayanmayacam. Bu nəticə arzuya doğru atılan kiçik addımdır. Hər yarışda bütün fikrimi yarışa yönəldirəm. Azərbaycan təmsilçisi və belə güclü komandanın üzvü olduğum üçün yalnız qızıl medala köklənirəm, qızıldan başqa mükafatlara qane olmuram”.

Pəhləvan vurğulayıb ki, çempionat asan olmayıb: “Səfərə yola düşməzdən əvvəl xəstələndim və turnirə o şəraitdə getdim. Amma Allah mənə güc və səbr verdi. Rəqiblər yaxşı idi, ən güclüsü finalda oldu”

Gələcək planlarından danışan güləşçi dərhal Qubaya böyüklər arasında keçiriləcək Avropa çempionatının təlim-məşq toplanışına gedəcəyini deyib: “Ümid edirəm ki, böyüklər arasında Avropa çempionatında uğurla çıxış edərəm. Belə güclü və vahid komandanın bir hissəsi olduğum üçün çox qürur duyuram. Çox şadam ki, komandama kömək edə bildim. Baş məşqçi Xetaq Ruslanoviç və Cəbrayıl Həsənovun rəhbərlik etdiyi çox zəngin məşqçi heyətimiz var. Bizə yaratdıqları bütün şəraitə görə Azərbaycan Güləş Federasiyasına da təşəkkürümü bildirirəm”.

Müəllif: Banuçiçək Hüseynli
Seçilən
22
sia.az

1Mənbələr