Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə mətbuata bəyanatında deyib.
Azərbaycandan qaz alan 12 ölkədən 10-nun Avropa ölkəsi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur”. Prezident İlham Əliyev bildirib ki, Avropa Azərbaycan qazına ehtiyac duyur.
ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli "Sherg.az"a söyləyib ki, Azərbaycanın qaz ehtiyatları Avropanın Cənubi və Şərqində yerləşən ölkələr üçün həyati əhəmiyyət kəsb edir:

“Azərbaycan həmin ölkələrə qaz satmaqla və enerji təhlükəsizliyini təmin etməklə Avropanın ümumi enerji təhlükəsizliyində çox mühim rol oynayır. Söhbət ondan gedir ki, bizim satdığımız qazın həcmi o qədər böyük olmasa da, əhəmiyyəti yüksəkdir. Yəni Ukrayna müharibəsinə qədər Rusiya Avropaya təqribən 178 milyard kubmetr qaz satırdı. Avropanın ümumi qaz tələbatı isə illik beş yüz milyard kubmetrdir. Azərbaycanın təxminən 11-12 milyard satdığı kubmetr qaz isə həcm etibarıyla az görünsə də, kiçik ölkələr üçün Rusiya qazını əvəz etməkdə önəmli rolu oldu. Bu gün də Azərbaycanın Şərqi və Cənubi Avropa ölkələrinin enerji təhlükəsizliyində oynadığı rol əvəzolunmazdır. Bu qaz satışı getdikcə artacaq və 2027-ci ildə Azərbaycanın Avropaya qaz təchizatı təqribən 20-21 milyard kubmetrə çatacaq. Əgər gələcəkdə Türkmənistan kimi ölkələrin qazının da Azərbaycan boruları vasitəsilə Avropaya çatdırılması üçün infrastruktur və siyasi şərait yetişsə, həmin zaman Azərbaycan qazının Avropaya göndərilmə həcmi daha da arta bilər”.