Martın 10-da Portuqaliya bayrağı altında üzən “Solong” yük gəmisi İngiltərənin Şərqi Yorkşir əyaləti sahillərində Şimal dənizində ABŞ bayrağı altında üzən “Stena Immaculat” neft tankeri ilə toqquşub və hər iki gəmidə yanğın baş verib.
Bu barədə Böyük Britaniyanın Sahil Mühafizəsi məlumat yayıb. Xilasedicilərin bildirdiyinə görə, hadisə yerinə iki sahil mühafizə helikopteri, bir sahil mühafizə təyyarəsi və xilasedici qayıqlar, o cümlədən yaxınlıqdakı bir neçə gəmi yanğınsöndürmə texnikası ilə göndərilib. HM Sahil Mühafizəsi Diviziyasının komandiri Metyu Atkinson, “36 ekipaj üzvü təhlükəsiz şəkildə sahilə çıxarıldı, bir nəfər xəstəxanaya yerləşdirildi. Solongun bir ekipaj üzvü itkin olaraq qalır, geniş axtarışlardan sonra təəssüf ki, o, tapılmayıb və axtarışlar başa çatıb” – deyə məlumat verib.
“The Telegraph” yazır ki, gəmilərin yükü ilə əlaqədar kimyəvi sızıntının dəniz mühitinə təsiri barədə narahatlıqlar var. “Stena Immaculate tankeri” təxminən 35 milyon litr Jet A-1 aviasiya yanacağını, ehtimal ki, ABŞ hərbi istifadəsi üçün, “Solong” isə 15 konteyner natrium siyanid daşıyıb. Tankerin kapitanı Stena Immaculatein “Solong konteyner gəmisi tərəfindən vurulmasından” sonra “içində Jet-A1 yanacağı olan yük anbarının yırtıldığını” və “yanacaq sızdığını” söyləyib. Hökumətdəki mənbə nəşrə bildirib ki, ilkin araşdırmalar hadisənin “cinayət” zəminində baş verdiyini göstərmir, lakin hələlik bunu istisna etmək olmaz. Dəniz mütəxəssislərinin fikrincə, qəzaya dumanlı hava da səbəb ola bilər.
//Samir Qurbanov, Editor.az