“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 1/8 finalının evdə PSJ ilə cavab oyunundan gözləntisini açıqlayıb.
Arena.az “Sky Sports” dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“İlk oyundan sonra 1:0 hesablı üstünlüyə malik olmağımız bir fərq yaradırmı? Xeyr. Biz hər dəfə qələbəyə oynamağa çalışırıq. Biz bunu elə, ötən həftə də etməyə çalışmışdıq, bizim belə dərin müdafiə olunmaq niyyətimiz də yox idi. Çərşənbə axşamı biz başqa bir oyun oynamaq istəyirik, amma niyyətimiz birdir – biz heç-heçəyə oynamayacağıq.
Bizə, cari mövsümdə ən yaxşı oyunumuzu göstərmək tələb olunacaq. PSJ – bizim qarşılaşdığımız hələ ki ən kamil komandadır. PSJ elə ahəngdə oynayır ki, elə ustalığa malikdir ki, dünyanın ən varlı klublarından biridir və əla məşqçiyə malikdir, ona görə də onlara qarşı oynamaq asan deyil”, deyə Arne Slot vurğulayıb.
“Liverpul”un kapitanı, 33 yaşlı niderlandlı mərkəz müdafiəçisi Vircil van Deyk də PSJ ilə cavab oyunundan gözləntisini açıqlayıb:
“Bu gün biz meydana çıxacaq və əvvəldən axıra qədər mübarizə aparacağıq. Ümidvaram, bizə “Enfild”də daha bir gözəl axşam yaratmaq müyəssər olacaq”, deyə Van Deyk vurğulayıb.
“Liverpul” – PSJ oyunu bu gün, martın 11-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (12 mart) başladacaq.
Xatırladaq ki, səfərdə keçirdiyi ilk oyunda “Liverpul” PSJ üzərində 1:0 hesablı qələbə qazanıb.