Amerikalı beş milyarder, ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etdikdən sonra ümumilikdə 209 milyard dollar itiriblər.
Valyuta.az xəbər verir ki, 20 yanvarda, Trampın prezidentliyi ilə bağlı investorların müsbət gözləntiləri fonunda milyarderlərin sərvətləri zirvəyə çatdı. Belə ki, İlon Maskın "Tesla" səhmləri 98%, Bernard Arnaultun "LVMH2 səhmləri isə 7% artdı. Meta şirkətinin səhmləri də Donald Trampın prezidentliyə qayıdışı ilə 9% yüksəldi.
Ancaq andiçmədən sonra yalnız yeddi həftə ərzində bu iş adamlarının şirkətləri ümumilikdə 1,39 trilyon dollar bazar dəyəri itirib. İlon Maskın sərvəti 148 milyard dollar azalıb. Bunun əsas səbəbi "Tesla"nın Almaniya və Çindəki satışlarının kəskin düşməsidir. "Amazon"un qurucusu Jeff Bezos isə 29 milyard dollar itirib.
Qeyd edək ki, 11 martda İlon Maskın sərvəti 301 milyard dollar olub, o, dünyanın ən zəngin insanıdır. Onu Jeff Bezos (216 milyard dollar) və Mark Zukerberq (211 milyard dollar) izləyir.
ABŞ səhmləri bazarı 10 martda 2022-ci ildən bəri ən pis gününü yaşayıb. Trampın tətbiq etdiyi yeni rüsumlar və investorların narahatlıqları nəticəsində "Nasdaq 100" indeksinin bazar dəyəri bir gündə 1 trilyon dollar azalıb. "S&P 500" indeksi isə 19 fevraldan bəri 8,6% ucuzlaşıb.
Maya Hüseynova