Süni intellekt sahəsində aparıcı şirkətlərdən biri olan “OpenAI” bulud texnologiyaları şirkəti "CoreWeave"-ə 11,9 milyard dollar yatırım etməyə hazırlaşır.
Valyuta.az xarici mənbəyə istinadən xəbər verir ki, tərəflər artıq razılığa gəlib və yaxın vaxtlarda investisiya prosesinə başlanılacaq.
“OpenAI” bu müqavilə çərçivəsində 350 milyon dollarlıq "CoreWeave" səhmi də alacaq. Lakin bu prosesin nə zaman baş tutacağı dəqiq bilinmir, çünki "CoreWeave" ötən həftə xalqa açıq şirkətə çevrilmək üçün müraciət edib.
Qeyd edək ki, "CoreWeave", süni intellekt sahəsində GPU əsaslı bulud xidmətləri təklif edən şirkətdir. Şirkət hazırda 250 mindən çox Nvidia GPU-suna sahibdir və səhmlərinin 6%-i Nvidia-ya məxsusdur. “Microsoft” isə "CoreWeave"in ən böyük müştərisidir və 2024-cü ildə şirkətin gəlirinin 62%-i “Microsoft”dan əldə olunub.
Bu investisiya “OpenAI” və “Microsoft” arasındakı rəqabətə yeni bir mərhələ qazandıracaq. Çünki “OpenAI” bu addımla “Microsoft”un istifadə etdiyi bulud xidmətlərinə çıxış əldə edəcək və eyni zamanda “Microsoft”un ən böyük partnyorlarından biri olan "CoreWeave"in ortaq sahibinə çevriləcək.
Sərvanə Rəmixanova