AZ

İran çətin durumda – müttəfiqləri Tehranı ABŞ qarşısında tək qoyur

Son günlər İran-ABŞ “cəbhəsində” vəziyyət gərginləşib. İranın ali rəhbəri Seyid Əli Xameneinin son açıqlamasında ABŞ-ı “təcavüzkar” adlandırması, danışıqlara çağırışların problemlərin həlli məqsədi daşımadığını, öz tələblərini İslam Respublikasına sırımaq cəhdi olduğunu bildirməsi gərginliyi artırıb.

Digər tərəfdən, İranın BMT-dəki missiyası ABŞ-la mümkün danışıqların şərtini açıqlayıb. Bildirilib ki, əgər danışıqların məqsədi İranın nüvə proqramının potensial hərbiləşdirilməsi ilə bağlı narahatlıqları aradan qaldırmaqdırsa, o zaman belə məsələlər müzakirə oluna bilər, əks halda, baş tutmayacaq.

İran ABŞ-la razılığa gələ biləcəkmi? Yoxsa bu gərginliyin daha da şiddətlənməsi gözlənilir?

Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloqSədrəddin Soltan deyib ki, Donald Trampın Ayətullah Xameneiyə ünvanladığı məktub iki hissədən ibarətdir:

“Birinci hissədə ABŞ lideri İranı əməkdaşlığa, birgə fəaliyyətə çağırır. İkinci hissədə isə bu addımların atılmaması halında sərt tədbirlər həyata keçirəcəklərini bildirirlər. Buna hərbi müdaxilə də daxildir. İran hakimiyyəti də bildirib ki, məcburetmə, zor gücü ilə alçaltmaqla danışıqlara getməyəcək.

Digər tərəfdən, İran hakimiyyəti nüvə proqramının ləğvi şərtini qəbul etməyəcəyini bildirib. Tehran hakimiyyətinin bu məsələdə 2 şərti var.

Birincisi, ABŞ onunla sərt, güc, təhdid dili ilə danışmasın, bərabərhüquqlu dövlət kimi yanaşsın, ikincisi isə İranın nüvə proqramı məsələsi danışıqlar mövzusu olmasın.

sedreddin soltan 11

Sədrəddin Soltan

İrandakı hakimiyyət 1979-cu ildən sonra “ABŞ-a ölüm” şüarı irəli sürüb. ABŞ isə hələ də İrandakı hakimiyyətin legitimliyini qəbul etmir. ABŞ-ın İran tərəfindən danışıqlara başlaması onun legitimliyinin tanınması kimi qəbul edilə bilər. Tehran hakimiyyətinin razılığa gəlməkdən başqa bir yolu yoxdur. Razılığa gəlməzsə, Donald Trampın imzaladığı İrana qarşı maksimum təzyiqlər sərəncamında nəzərdə tutulan müddəalar daha da sərtləşdiriləcək. Bu da İranın iqtisadi iflasına səbəb ola bilər. İrana hərbi müdaxilə isə sonun başlanğıcı kimi qiymətləndirilir. Regionda baş verən son hadisələr onu göstərir ki, İranın müdafiəsi zəifdir”.

Politoloqun sözlərinə görə, belə bir vəziyyətdə İranı tərəfdarları Çin və Rusiya müdafiə edə bilməyəcək:

“Rusiya hazırda ABŞ-la danışıqlardadır. Çin isə rəsmi Vaşinqtonla münasibətlərini daha da gərginləşdirib, əlavə iqtisadi problemlərlə üzləşmək niyyətində deyil. Ona görə də İranın ABŞ-la hərbi qarşıdurmaya getməsi ehtimalı azdır. Tehran hakimiyyətinin yeganə çıxış yolu danışıqlardır. Odur ki, Tehran hakimiyyəti danışıqlardan imtina etmir. Bu çox vacibdir. İrana danışıqlara başlamaq üçün vaxt lazımdır. Əslində bu vaxt uzun illərdir Tehran hakimiyyətinə verilib. Ümumiyyətlə, Tehran danışıqlara hazır olduğunu gizlətmir. O, bunun daha hörmətlə edilməsini istəyir”.

Safura Bənnayeva

Mənbə: globalinfo.az

Seçilən
17
globalinfo.az

1Mənbələr