“İtkin düşənlərin taleyi bəlli olmadan müharibəni bitmiş saymaq mümkün deyil. BMT-nin müxtəlif strukturlarının rəsmiləri və üzv dövlətlərin hökumət nümayəndələri ilə görüşlərimizdə onları bu problem barəsində məlumatlandırıq.
Bu fikirləri BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçirilən Qadınların Statusu Komissiyasının (CSW69) 69-cu sessiyası çərçivəsində ABŞ-də səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Report”un ABŞ bürosuna müsahibəsində deyib.
B.Muradova bildirib ki, sessiya çərçivəsindəki çıxışlarında və ikitərəfli görüşlərdə Ermənistanın Azərbaycana qarşı 30 illik işğalı nəticəsində miras qoyub getdiyi minalar və onların qurbanına çevrilmiş mülki şəxslər haqqında məlumat verib:
“Ermənistanla münasibətdə olan və onunla birgə işləyən dairələrin bu məsələni gündəmə gətirməsində maraqlıyıq. Çünki onlar hazırkı sülh quruculuğuna böyük töhfə verə bilərlər.
Biz çox istərdik ki, Azərbaycanın səyləri nəticə versin və bölgəyə sülh gəlsin. Lakin sülhün gəlməsi üçün həm də müharibənin nəticələri aradan qaldırılmalıdır. Müharibə bitsə də, onun qalıqları insanlara zərər verməyə davam edir. Onlar üçün müharibə sanki hələ də davam edir. Bu baxımdan mina məsələsi, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi çox vacibdir. Azərbaycan bunu öz imkanları çərçivəsində edir. Nəzərə alsaq ki, Ermənistan Qarabağa milyonlarla mina basdırıb, onların tam təmizlənməsi on illərlə vaxt tələb edir. Bu, həm də məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmasını ləngidir. Minaların təmizlənməsinə sərf olunan vəsaitlə ərazilərin bərpasını daha tez həyata keçirmək olardı. Dünya ictimaiyyətinin bu məsələdən məlumatlandırılması çox vacibdir”.
O, əlavə edib ki, bəzi dairələr bu məsələdə Ermənistanın təqsirkar olan nümayəndələrinin Azərbaycanda məhkəmə qarşısına çıxarılmasını onların hüquqlarının pozulması kimi qəbul edərək, hətta onların azad olunmasını tələb edirlər:
“Əgər bu insanlar sülhpərvər olsaydılar, onlar sülhün əldə olunmasına dəstək verərdilər. Lakin bu gün bu məsələni diqqətdə saxlamaq və ictimaiyyətin diqqətinə çatdırmaq bizim üzərimizə düşür. İnsanlar bilməlidirlər ki, Ermənistanın illərlə Azərbaycana qarşı apardığı işğal siyasətinin acı nəticələri bu gün də insanları öldürür.
Hazırda dünyanın müxtəlif bölgələrində müharibələrin getdiyini nəzərə alsaq, bu prosesdən əziyyət çəkən xalqlar üçün də vəziyyət dəyişməz qalır. Müharibələr indi daha amansız aparılır və dinc əhalinin bundan qorunmaq imkanı məhduddur. Bu baxımdan dünya ictimaiyyəti diqqətli olmalı, dinc əhalinin müharibə qurbanına çevrilməməsi üçün səylərini birləşdirməlidir”.
Komitə sədri vurğulayıb ki, səfər çərçivəsində gündəmə gətirdiyi əsas məsələlərdən biri də birinci Qarabağ müharibəsində itkin düşən 4 000-dən çox azərbaycanlının taleyinə aydınlıq gətirilməsidir:
“Münaqişə dövründə Azərbaycan dəfələrlə itkin düşmüş vətəndaşlarının taleyinin aydınlaşdırılması üçün ikitərəfli görüşlərdə və çıxışlarında bu məsələni qaldırıb. 4 000 nəfərdən artıq soydaşımızın taleyi naməlumdur. Onlar itkin düşmüş sayılırlar. Lakin indi bölgədə aparılan qazıntılar zamanı kütləvi məzarlıqların aşkar edilməsi onu göstərir ki, onların çoxu sağ deyil. Ən azı onların öldürüldüyünü sübut edən dəlillərin tapılması ailələri və yaxınları üçün təsəllidir. Bu baxımdan Ermənistan tərəfinin əməkdaşlığa təşviq edilməsi vacibdir. Beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli formatda Ermənistanla işləyən dairələr bu məsələni gündəmə gətirməlidirlər. Çünki bu, sülh quruculuğuna böyük töhfə verə bilər.
İtkin düşmüş insanların taleyi bəlli olmadan müharibəni bitmiş saymaq mümkün deyil. Əgər regionda sülhün bərqərar olunmasını istəyirlərsə, bu məsələyə də dəstək verməlidirlər”.
O qeyd edib ki, müharibələrdən ən çox əziyyət çəkənlər qadınlar və uşaqlardır. B.Muradova həmçinin Azərbaycan qadınının bu gün dünyanın ən güclü qadınlarından biri olduğunu bildirib və müharibələrin dinc əhali, qadınlar və uşaqlar üzərində buraxdığı ağır fəsadlardan danışıb:
“Müharibə tərəflərin maraqlarını hərbi yolla reallaşdırmaq prosesi kimi görünə bilər, lakin bu, əslində insanlıq dramıdır, faciədir. Bu prosesdə insanlar aclıq, soyuq, evsizlik və məcburi köçkünlük kimi sınaqlardan keçir. Azərbaycan qadınları bu çətinlikləri yaşadıqları halda, özlərini sınayaraq güclərini səfərbər ediblər. Onlar ölkəmizin azad olunması, ərazilərimizin geri qaytarılması və suveren hüquqlarımızın bərpası üçün mübarizədə ön cəbhədə olublar. Bu gün onlar həm dövlət, həm də vətəndaş cəmiyyətinin müxtəlif sahələrində fəal iştirak edərək, proseslərə öz töhfələrini verirlər. Ona görə də hesab edirəm ki, Azərbaycan qadını bu gün tarixində heç vaxt olmadığı qədər güclüdür. Çünki onun dövləti güclüdür, ədalətlidir və ədalətli sülh uğrunda mübarizə aparır. Bu proses isə yalnız Azərbaycan vətəndaşlarının deyil, həm də regionun və burada yaşayan xalqların rifahı üçün həyata keçirilir”.