Son zamanlarda plastik əməliyyatlarla üz cizgilərində, hətta göz rəngində dəyişiklik edən insanların sayı həddən artıq artıb. Hava limanlarında və digər rəsmi qurumlarda şəxsiyyət vəsiqəsindəki şəkillə üz cizgilərinin uyğunluğu yoxlanılır.
Bəs estetik əməliyyatlardan sonra şəxsiyyət vəsiqəsi və xarici pasport dəyişdirilməlidirmi?
Sualımıza cavab verən tanınmış vəkil Mehman Muradlı Ajans.az-a açıqlamasında bildirib ki, ölkəmizdə estetik əməliyyatlar getdikcə daha populyarlaşır:
“Qadınlar bu cür prosedurlara daha çox meyillidirlər. Əvvəllər xanımlar 40 yaşından sonra estetik əməliyyatlara müraciət edirdilər. Lakin hazırda 18 yaşdan etibarən əməliyyat etdirənlər var. Bu məsələ ölkədən ölkəyə dəyişir və qanunvericilik fərqli yanaşmalar tətbiq edə bilər. Əgər estetik əməliyyat nəticəsində şəxsin üzdəki görünüşü əsaslı şəkildə dəyişirsə və artıq pasportdakı və ya şəxsiyyət vəsiqəsindəki foto ilə tanınmırsa, sənədlərin dəyişdirilməsi tələb oluna bilər.Çox vaxt bu dəyişiklik məcburi olmur, lakin hava limanlarında və digər nəzarət məntəqələrində problemlər yaşanmaması üçün məsləhət görülür. Bəzi ölkələrdə qanunla müəyyən edilib ki, pasport və ya şəxsiyyət vəsiqəsindəki foto şəxsin hazırkı görünüşünü əks etdirməlidir. Əgər estetik əməliyyat nəticəsində şəxs tanınmaz hala gəlirsə, bu, sənədlərin dəyişdirilməsini vacib edir. Azərbaycan qanunvericiliyinə görə, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün əsaslardan biri insanın xarici görünüşünün əsaslı şəkildə dəyişməsidir. Pasportun dəyişdirilməsi isə müəyyən prosedurlara əsasən qiymətləndirilir.”