“Mançester Yunayted” klubundan verilən açıqlamaya görə, “qırmızı şeytanlar”ın 115 ildir ki, oyunlarını oynadığı simvolik stadion olan “Old Trafford” söküləcək. Mövcud 74 min tutumlu Old Trafford Stadionunu əvəz etmək üçün tikiləcək 100 minlik yeni müasir idman arenası dünyanın ən yaxşı stadionları ilə rəqabət aparmaq üçün dizayn ediləcək.
Hafta.az-ın yazdığına görə, “Mançester Yunayted”in nəhəng stadion layihəsi təkcə futbol baxımından deyil, həm də iqtisadi və sosial təsirləri ilə diqqət çəkir. Klub bu investisiyanın İngiltərə iqtisadiyyatına illik 7,3 milyard funt sterlinq əlavə gəlir gətirəcəyini, 92 min yeni iş imkanı yaradacağını, 17 mindən çox yeni evin inşasına imkan verəcəyini və hər il 1,8 milyon əlavə ziyarətçi cəlb etməyi hədəflədiyini açıqlayıb.
Yeni stadionun memarlıq xüsusiyyətləri də kifayət qədər diqqəti cəlb edir. Açıqlamaya görə, stadiona çətir tipli dizayn veriləcək və ətrafı Trafalqar meydanından iki dəfə böyük olan ictimai meydanla əhatə olunacaq. Bundan əlavə, 200 metr hündürlüyündəki "üçbucaqlı nizə" dirəkləri stadionun ətrafında 25 mil məsafədən görünəcək. Bu dizayn stadionun sadəcə futbol arenası olmaqdan kənara çıxmasına və şəhərin simvolik strukturlarından birinə çevrilməsinə imkan verəcək.
“Mançester Yunayted”in səhmdarlarından olan Cim Ratkliff layihə ilə bağlı açıqlamasında “Old Trafford”un ruhunu qoruyub saxlamaqla müasir futbolun ən yüksək tələblərinə cavab verən stadion tikəcəklərini bildirib.
İngilis mətbuatında çıxan xəbərlərə görə, bu nəhəng layihənin tikintisinin təxminən 5 il çəkəcəyi və dəyərinin 2 milyard funt sterlinqə çatacağı gözlənilir. Bildirilir ki, yeni stadion tamamlandıqdan sonra “Mançester Yunayted”in əfsanəvi məbədi olan “Old Trafford” söküləcək. Bu inkişaf klub tarixindəki ən böyük dəyişikliklərdən biri kimi düşəcək.