AZ

Ağdamın Çıraxlı kəndinə Yel çərşənbəsi qeyd edilib

Artıq beşinci ildir ki, Çıraxlı kənd sakinləri Novruzu tonqal qalamaqla qeyd edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Novruzun gəlişi ölkəmizin hər yerində olduğu kimi Ağdam rayonunda da yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Ağdamın keçmiş təmas xəttinə ən yaxın ərazidə yerləşən Çıraxlı kəndində də Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilib. Kəndin mərkəzində çərşənbə tonqalı qalanıb. Mərasimdə kənd sakinləri ilə birgə Ağdam rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. Çıxış edənlər kənd sakinlərini Yel çərşənbəsi münasibətilə təbrik edib, Novruz bayramının çoxəsrlik tarixindən, milli-mənəvi dəyərləri, humanizm prinsiplərini özündə birləşdirməsindən bəhs ediblər.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, uzun illər Ağdam rayon Çıraxlı kənd sakinləri çərşənbə tonqalı yandıra bilməyib: “Ağdamın Çıraxlı və ətraf kəndləri daima ermənilərin atəşi altında olub. Ermənilər əlamətdar günlərdə isə daha da azğınlaşırdı. Bu səbəbdən də kənd sakinləri Novruz bayramını tonqalsız qeyd edirdi. Məhz biz də Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı və Ağdam Rayon İcra hakimiyyəti ilə birgə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi səbəbi ilə Novruz tonqalını Çıraxlıda yandırdıq”.

Qeyd edək ki, Ağdam rayonunun Çıraxlı kəndi Ermənistan silahlı bölmələri tərəfindən ən çox atəşə məruz qalan yaşayış məntəqələrindən idi. Keçmiş təmas xəttinin bir neçə yüz metrliyində yerləşən kənddə Ermənistan ordusunun atəşi nəticəsində dinc sakinlər həlak olub, yaralanıb. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra kənd sakinləri Novruzu qədim ənənələrə uyğun tonqal qalamaqla qeyd edirlər.

Seçilən
14
yeniazerbaycan.com

1Mənbələr