AZ

Üzvlük haqqı ödənməsə...

KTMT üzvləri Ermənistan haqda qərar verəcək

Ermənistan artıq bir neçə ildir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) qeyri-rəsmi də olsa çıxdığını bəyan edib. Daha doğrusu, qurumda fəaliyyətini dondurduğunu bəyan edən İrəvan üzvlük haqqını belə ödəmir. Bu ölkə təşkilat çərçivəsində keçirilən fərqli strtukturların görüşlərinə qatılmır, keçirilən hərbi təlimlərdə iştirak etmir. 2023-cü il yanvar ayında öz ərazisində KTMT təlimlərinin keçirilməsinə etiraz edən rəsmi İrəvan hətta həmin ilin martında öz nümayəndəsini KTMT rəhbərinin müavini vəzifəsinə təyin etməkdən belə imtina etmişdi - 2023-cü ilin noyabrında isə Ermənistan baş naziri İrəvanda keçirilən təşkilatın sammitinin yekun sənədini imzalamamışdı.

Son olaraq ötən il noyabrın 28-də Astanada keçirilən KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında təmsil olunmayan Ermənistan bununla da mövqeyini tam şəkildə ortaya qoyur. Son dövrlərdə Ermənistandakı 102-ci Rusiya hərbi bazası ilə bağlı ortaya çıxan bəzi məsələlər də onu göstərir ki, İrəvan ilə Moskva bu məsələdə hələ də fikir ayrılığı yaşayır.

Ermənistan təşkilatdan çıxmayıb...

Qeyd edək ki, Ermənistan KTMT-dəki fəaliyyətini dondurduğunu bəyan etsə də, təşkilatı tərk etməsi ilə bağlı addım atmayıb. Bunun mexanizmi olduqca çətindir. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin də açıqlamasında İrəvanın KTMT-dən çıxmaqla bağlı bildiriş vermədiyini bildirib. “Yerevan qurumu tərk etmək barədə xəbərdarlıq etməyib, onlar getməyə hazırlaşmırlar, sadəcə fəaliyyətlərini dondurublar. Amma KTMT-nin üzvü olaraq qalırlar”, - deyə Pankin bildirib. Qeyd edib ki, Ermənistan 2025-ci ilin sonuna kimi KTMT büdcəsinə üzvlükhaqqını ödəməsə, təşkilata üzv ölkələr müxtəlif ssenariləri nəzərdən keçirə bilərlər. “Yanvarın 1-nə (2026-cı il - red.) qədər ödəniş olunmasa, bu iki illik ödənişsiz dövr deməkdir. Fikrimcə, ölkələr bununla bağlı lazımi qərarı qəbul edəcəklər. Yəqin ki, qurumdan ixrac edilməyəcək”.

Pankin qeyd edib ki, indiyə qədər də digər ölkələrin texniki, maliyyə və digər səbəblərdən borclanması halları olub. Xatırladaq ki, 2024-cü ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-də iştiraklarını dondurduqlarını bəyan etmişdi. Paşinyan həmçinin bildirmişdi ki, Ermənistanın KTMT-yə qayıtması getdikcə çətinləşir, hətta onun sözlərinə görə, bu, geri dönüşü olmayan bir yoldur.

Rusiya XİN başçısının müavini Mixail Qaluzin isə bəyan edib ki, Ermənistanı bu addımı atmağa Qərb sövq edib.

30 ildən sonra...

Ermənistan isə Rusiya ilə hərbi əlaqələrini daha da məhdudlaşdırmağa çalışır. Artıq 2025-ci il yanvarın 1-dən etibarən Rusiya sərhədçiləri Ermənistan və İran sərhədindəki keçid məntəqəsini tərk ediblər. O vaxtdan etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları İranla sərhədin mühafizəsi üçün bütün məsuliyyəti öz üzərilərinə götürüblər.

Ötən ilin avqustunda isə Ermənistan Rusiya sərhədçilərini “Zvartnots” aeroportundan çıxardı. Xatırladaq ki, 1991-ci ildə Ermənistan müstəqillik əldə edən zaman respublikanın öz sərhədçiləri yox idi və sərhədlərini müstəqil şəkildə qoruya bilmirdi. Rusiya Federasiyası ilə Ermənistan arasında xarici sərhədlərin birgə mühafizəsi haqqında müqavilə bağlandı - 1992-ci il sentyabrın 30-da İrəvanda “Rusiya Federasiyasının Ermənistan Respublikası ərazisində yerləşən Sərhəd Qoşunlarının statusu və onların fəaliyyət göstərməsi şərtləri haqqında” dövlətlərarası saziş imzalandı. Sənədə əsasən, Ermənistanın Türkiyə (uzunluğu - 345 km) və İranla (45 km) sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur.

İlk illərdə Ermənistanda Rusiya sərhəd dəstəsi Rusiyanın Federal Sərhəd Xidmətinin (FBS) Qafqaz Xüsusi Sərhəd Dairəsinin tərkibində “Ermənistan” hərbi qrupu adlanırdı. 1999-cu ilin mayında isə hərbi qrupun əsasında Rusiya Federal Sərhəd Xidmətinin Ermənistanda Əməliyyat Qrupu yaradıldı. 2002-ci ilin avqustundan sərhəd birliyi Rusiyanın Ermənistanda Federal Sərhəd Mühafizə Xidmətinin Sərhəd Qrupu adlanmağa başladı. 2003-cü ildə FBS-in funksiyaları Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) verildikdən sonra Ermənistanda Rusiya Federasiyası FTX-nin sərhəd şöbəsi yaradılıb. Artıq uzun illərdir ki, adıçəkilən aeroport da daxil olmaqla Ermənistanın bir sıra strateji obyekti həmin sərhəd şöbəsi tərəfindən qorunur.

102-ci baza ləğv edilir?

İki ölkə arasında imzalanmış müqaviləyə görə, hərbi baza Ermənistanda 49 il qalmalıdır. Belə ki, bununla bağlı iki dövlət 1995-ci ildə 25 il müddətinə sənəd imzalayıb. 2010-cu ildə isə hərbi bazanın dislokasiya müddəti uzadılıb. Yəni, imzalanmış sənədə əsasən 102-ci hərbi baza 2044-cü ilə qədər Ermənistan ərazisində qalmalıdır.

Məsələ bununla da yekunlaşmır. Yeni mərhələdə artıq Ermənistan 102-ci hərbi bazanın çıxarılması məsələsini gündəmə gətirir. Qeyd edək ki, son dövrlərdə bununla bağlı proses açıq təmayüllə aparılır. Ölkənin fərqli siyasi kəsimlərinin nümayəndələri bu haqda fikirlərini bildirirlər. Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Baza ümumilikdə 13 döyüş və 17 təchizat- təminat bölməsindən ibarətdir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, C-300 zenit-raket kompleksi, Miq-29 qırıcıları, Mi-24P və Mi-8MT helikopterləri də var.

Artıq bir neçə gündür ki, “Teleqram” kanallarında 102-ci bazadan avtokalonların, hərbi texnikaların çıxması və onların müxtəlif istiqamətlərdə hərəkət etməsi nümayiş olunur. Hətta bu, bazanın Ermənistanı tərk etməsi ilə bağlı xəbərlərin yayılmasına da yol açıb. Amma Ermənistanın bir sıra yerli siyasi texnoloqları bildirirlər ki, bu görüntülər 102 saylı bazanın Ermənistanda qalacağını deməyə əsas verir. Belə ki, onların fikrincə, Rusiya son “sərhədçi əməliyyatına” görə Ermənistana əzələ nümayiş etdirir...

S.İSMAYILZADƏ

Seçilən
42
yeniazerbaycan.com

1Mənbələr