Yazın gəlişi təkcə insanları sevindirmir. Bu günlər kimin yolu göllərin tacı Göygölə düşsə, bunu öz gözləri ilə görə bilər. Əriyən qar yollarda gediş-gəlişi “nizama salmaq”la yanaşı, neçə aydır “yorğanında” gizlətdiyi gülü-çiçəyi, hamının sevə-sevə əzizlədiyi novruzgülünü də üzə çıxarır, bahara “xoş gəldin” deyir.
Bir tərəfdən də “əriyib suya dönərsən”lərin şırıltılı nəğmələri neçə vaxtdır gizlənən quşların cikkiltisinə qarışır. Bir qədər də keçəcək, bu nəğmələrə bülbüllər qoşulacaq, sehrli avazları Göygöl meşələrini bürüyəcək.
Təbiətin elə bir vaxtıdır ki, insana hər şey xoş gəlir. Qarın altından cücərən bir yarpaq da, hələlik yuvalarından uzağa getməyə cürət etməyən qarışqalar da, ağacdələnin tıqqıltısı da... Bu tərəfdən də artıq yollara çıxmağa cəhd edən cüyürlər...
Həmişəki kimi ürkəkdirlər. Amma yola çox yaxın gəlirlər, sanki insan nəfəsi üçün qəribsəyiblər, darıxıblar. Əvvəllər yola çıxdı nədi, heç meşənin dərinliklərindən çıxmırdılar. Çünki bəzi “təbiətsevərlər” öz “məhəbbət”lərini daşla-kəsəklə, sapandla bildirirdilər.
Qoruğun direktoru, təpədən-dırnağadək təbiət aşiqi Fuad Quliyev maşınını bir kənara çəkib deyir: “Baxın, bir neçə il əvvəlki cüyürlər deyil, heç qorxmurlar, bilirlər ki, onların hər anı nəzarətimizdədir”. Sonra da əlavə edir ki, “cüyürlərin xətrinə dəyənləri öz körpə balalarının xətrinə dəyən” kimi qiymətləndirirəm, hələ cəzaları dursun bir yana”.
Fürsətdən istifadə edib asfalt yola çıxan bir neçə cüyürün şəklini çəkirəm. Hərəkətimi görüb qaçsalar da, Fuad müəllimin dediyi kimi, “asta qaçan namərddir” məsəlindən çox uzaqdırlar. Meşənin dərinliklərinə gedən cüyürləri də izləyə bilir, obyektivin yaddaşına salıram…
Marallardan, cüyürlərdən söz düşmüşkən, bu gözəl canlılar olmadan Göygöl Milli Qoruğunu təsəvvür etmək, sadəcə, mümkün deyil. Hətta Maralgölün adının təsadüfən yaranmadığı həmin mənbələrdən qaynaqlanır. XII əsrdə baş vermiş məlum dağıdıcı zəlzələdən sonra yaranan Maralgöl haqqında çoxlu əfsanələr var.
Onlardan birinə görə, Gəncə xanı həmişə yaz-yayı Kəpəzin yamaclarında keçirirmiş. Xanın sürüsünü otaran gənc çobanın sevdiyi Maral adlı bir qızı varmış. Maral da onu sevirmiş, amma şərt qoyubmuş ki, kim Kəpəzin qoynunda quruyan gözəl gölə su aparsa, ona ərə gedəcək. Aşiq gənc qızın arzusunu yerinə yetirir. Bundan sonra onun çəkdiyi çeşmə “Xan qızı bulağı”, göl isə Maralgöl adlanır. Bu, bir versiya.
Digər məlumata görə, XII-XIII əsrlərdə, xüsusilə yay aylarında Maralgöldə o qədər maral olurmuş ki, çox zaman suyun üzü görünmürmüş. Ona görə də gölü sonradan belə adlandırıblar.
Nə isə...Rəvayət rəvayət yerində, əsas odur ki, bu mart günlərində, qışın yaza “indi sən gəl” dediyi ərəfədə cüyürləri, maralları gördüm. Elə sevindim, elə sevindim…Yadımda daha çox ağıllı gözləri qaldı. Sanki, təbiətin oyanış sevincini bizimlə bölüşmək istəyirdilər. Bölüşdülər də. Mən də sizinlə bölüşdüm.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Göygöl