AZ

Natali Mouravidze: "EBRD Azərbaycanın maliyyə institutları ilə əməkdaşlığı genişləndirmək niyyətindədir"

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın daha çox maliyyə qurumlarını əməkdaşlığa cəlb etməyə hazırdır.

“Report” xəbər verir ki, bunu EBRD-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze Bakıda keçirilən "1-ci Milli Maliyyə Əlçatanlığı Forumu"nda bildirib.

O qeyd edib ki, EBRD 1991-ci ildə bazar iqtisadiyyatına keçidi təşviq etmək məqsədilə yaradılıb və Azərbaycan bankın mövcudluğunun ilk dövrlərindən bəri onun vacib tərəfdaşı olub.

"Son otuz il ərzində biz investisiya, texniki əməkdaşlıq və islahatlar vasitəsilə ölkənin iqtisadi inkişafına əhəmiyyətli töhfə vermişik. Bu günə qədər bank 190-dan çox layihəyə 4 milyard avrodan çox invesitisiya yatırıb. Tərəfdaşlığımızın hər il daha da möhkəmləndiyini görmək xoşdur. Bu yaxınlarda bankın Direktorlar Şurası Azərbaycanla yeni beşilik strategiyamızı təsdiqləyib. Əsas prioritetlərimizə yerli biznesin rəqabət qabiliyyətini və idarəetməsini gücləndirərək iqtisadiyyatın diversifikasiyasını təşviq etmək; maliyyə sektorunun dayanıqlılığını artırmaq; "yaşıl iqtisadiyyata" keçidin dəstəklənməsi və regional inteqrasiyanın yaxşılaşdırılması daxildir”, - o bildirib.

N.Mouravidze vurğulayıb ki, EBRD bu prioritetləri böyük investisiyalarla dəstəkləyir: “Buraya günəş və külək enerjisi layihələrindən tutmuş "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) xaricdəki donanmasının genişləndirilməsi daxildir.

Lakin Azərbaycanda əsas məqsədimiz özəl sektorun dəstəklənməsi olaraq qalır. Biz yerli müəssisələrə birbaşa maliyyələşdirmə təqdim edirik, lakin kiçik və orta biznesin (KOB) dəstəklənməsi üçün əsas vasitə Azərbaycan bankları ilə əməkdaşlıqdır. Maliyyə institutlarına investisiya yatırmaqla biz onlara özəl sektora kreditləşdirməni genişləndirmək imkanı veririk. Artıq "Bank Respublika", “AccessBank” və Azərbaycan Beynəlxalq Bankı ilə işləyirik və daha çox maliyyə qurumlarını əməkdaşlığa cəlb etmək imkanını səbirsizliklə gözləyirik".

Seçilən
35
report.az

1Mənbələr