2025-ci ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 128 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan 75 ölkəyə məhsul ixrac edib, 124 ölkədən isə məhsul idxal olunub.
Statistikada qeyd olunur ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 4126,0 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 2073,6 milyon dollarını və ya 50,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 2052,4 milyon dollarını (49,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib.
Nəticədə 21,2 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 25,3 faiz, real ifadədə 9,3 faiz artıb. İdxal real ifadədə 50,1 faiz, ixrac isə 12,5 faiz azalıb.
Sərvanə Rəmixanova